"KXCP-də yaratdığımız Demokratik Birlik Fraksiyasında fəaliyyət göstəririk. Partiyanın fəaliyyətindən və idarəçiliyindən kənardayıq. Fraksiya otuza yaxın rayon təşkilatı formalaşdırıb. Eyni zamanda, yenicə təsis olan Azərbaycanda Demokratiya və Rifah Hərəkatında iştirak edirik".
Bunu KXCP sədrinin sabiq müavini İsmayıl Yusifov deyib. O əlavə edib ki, KXCP fəaliyyətsiz bir quruma çevrilib: "Biz son dialoqdan sonra KXCP-nin fəaliyyəti ilə bağlı bəyanat vermişik. KXCP-nin strukturları iflic durumdadır, İdarə Heyəti isə boşdur. Demək olar ki, partiyanın Məclisi keçiriləndə yetərsay olmur. İyulda qurultayın keçirilməsi haqqında qərar olmalı idi. Ancaq bu günə qədər verilməyib. Düşünmürəm ki, yaxın illərdə KXCP-nin indiki rəhbərliyi özündə güc toplayaraq belə bir qərar versin".
İsmayıl Yusifov deyib ki, onlar formal olsa da, partiyanın üzvü kimi qalırlar: "Hər birimiz fərdi olaraq partiya üzvüyük. Biz fraksiya yaradanda məqsəd qoymuşduq ki, partiyada nizamnamə pozuntularını aradan qaldıraq, partiyanı demokratik müxalifətin mərkəzinə gətirək, onun xırda partiyalarla bir masada əyləşməsinin qarşısını alaq, mandat davası döyülməsi halına imkan verməyək. KXCP bir mandatlıq partiya deyil ki, xırda partiyalarla boynubüzük bir masada əyləşib müttəfiqlik etsin, dialoq aparsın. Mən KXCP sədrinin 5 il müddətində müavini olmuşam və onu xırda partiyalarla bir masada əyləşən görəndə yazığım gəldi".
KXCP üzvü deyib ki, partiyanın qurultayı keçirilsə, sədrliyə namizədliyini verə bilər: "Əvvəlki qurultayda namizədliyimi irəli sürmək niyyətində idim. Ancaq dostların xahişi ilə buna getmədim. İndi müavinlərinin biri ilə Mirmahmud Mirəlioğluna mesaj vermişik ki, əgər özündə güc və cəsarət tapırsa, özünə güvənirsə, bizim də iştirakımızla qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaradaraq qurultaya gedək. Əgər indiki rəhbərlik çəkinməsə və demokratik prinsiplərlə qurultay keçirmək istəsə, mən namizədliyimi irəli sürərəm. Belə olarsa, indiki partiya liderinin məğlubiyyəti qaçılmazdır".
CAVİDAN