“Ermənistan hakimiyyəti Rusiya hərbi bazasını ölkədən çıxarmağa çalışır”.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra da Ermənistanın bu kimi addımlarını görmüşük:
“Bir növ nəsə almaq üçün Rusiyanı şantaj edir. Regional müstəvidə sülh məsələsi imzalanacaqsa, Paşinyan istəyir ki, prosesdə Rusiyanın dəstəyini alsın. Hazırda Türkiyə, Azərbaycan, Rusiya və Ermənistandan ibarət dördtərəfli format gündəmdədir. İran faktoru da var. Amma İran dördtərəfli formata o qədər də müdaxilə edə bilmir.
Ermənistan çalışır ki, Rusiyanın dəstəyini alsın. Digər tərəfdən baxdıqda Ermənistan kartlarını açıb. Bunu Paşinyanın Avropa Parlamentindəki çıxışı, Fransanın Ermənistanda Rusiyanın yerini tutmaq istəyi göstərir. Görünən budur ki, müxtəlif ssenarilər tətbiq ediləcək. Ermənistan KTMT və Rusiyadan uzaqlaşmaq istəyirsə, buna yekun əsas lazımdır. Paşinyan açıq şəkildə gündəmə gətirdi ki, Rusiyanın bazasının Ermənistana xeyri yoxdur. Ermənistan baza məsələsini gündəmə gətririrsə, Rusiya cavab olaraq Ermənistana iqtisadi təzyiqə başlaya bilər. Eyni zamanda, Ermənistanın enerji təminatı böyük ölçüdə Rusiyanın nəzarətindədir”.
Asif Nərimanlı vurğulayıb ki, Paşinyan sözdən əmələ keçsə, Rusiya bütün rıçaqlarını işə salacaq:
“Hələ də Ermənistan ordusunda Rusiyanın təsir dairəsi var. Məsələn, Kreml istənilən vaxt ordudakı qruplaşmasını işə salıb Azərbaycanla sərhəddə təxribat törədə, rəsmi Bakı da məcbur olaraq buna cavab verə bilər. Bu isə eskalasiya deməkdir, hansı ki, Paşinyanın əleyhinədir.
Ermənistana Rusiyadan uzaqlaşmaq üçün praktiki bəhanə və ya səbəb lazımdır. Məsələn, Azərbaycanla yeni toqquşma olarsa, Ermənistan deyə bilər ki, KTMT, Rusiya öhdəliyin yerinə yetirmir, nəticədə təhlükəsizlik qalxanını Avropaya verəcək. Bu durumda Rusiya hansısa formada müdaxilə edəcək, yəni Ermənistanda ayaqaltı olacaq. Bu, Ukraynadan daha çox, suriyalaşma ssenarisi ola bilər”.