20 Yanvar 2015 11:37
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın mobil rabitə operatorları qarşısında fəaliyyətlərini davam etdirmələri üçün fəaliyyət müddətinin uzadılması məsələsi qoyula bilər.

Trend xəbər verir ki, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 2014-cü ilin yekunlarına həsr edilmiş kollegiya iclasında deyib.

Onun sözlərinə görə, mobil operatorlar öz gəlirlərinin böyük hissəsindən şəbəkənin genişləndirilməsi və son istifadəçiyə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına investisiya qoymurlar: "Lisenziyaların təkrar uzadılması məsələsi son iki ildə aktuallıq qazanacaq. Yaxın vaxtlarda nazirlik mobil operatorlar tərəfindən göstərilən xidmətlərin monitorinqlərinə başlayacaq. Monitorinqlər dünya standartlarına uyğun təşkil olunacaq. Əgər monitorinqlərin nəticələrinə görə xətalar və səhvlər aşkarlanarsa, onda operatorlar cərimələnəcək və nazirlik tənzimləyici kimi bunu onların lisenziyalarının müddətinin uzadılması və onlar üçün yeni imkanlar yaradılan zaman diqqətə alacaq”.

Ə.Abbasov qeyd edib ki, RYTN ölkənin telekommunikasiya bazarında fəaliyyət göstərmək üçün lazım olan bütün şəraiti yaradır. Operatorlara tezlik resursları və lisenziyalar ən sərfəli şərtlərlə verilir: "Bütün bu şərait mobil operatorların inkişaf etməsi və əldə etdikləri gəlirləri şəbəkələrin genişlənməsinə və xidmətin keyfiyyətinin yüksəldilməsinə yönəltmələri üçün yaradılır. Lakin təəssüflər olsun ki, abonentlərdən onların ünvanına olan şikayətlər əyani şəkildə onlar tərəfindən vəziyyətin yaxşılaşdırılması istiqamətində heç bir addım atmadıqlarını nümayiş etdirir”.

Nazir həmçinin əlavə edib ki, nazirlik operatorların baza stansiyalarının quraşdırılması zamanı problemlərlə üzləşdiklərinə anlayışla yanaşır və bunu cəmiyyətin mənfi münasibəti ilə əsaslandırır. Çünki adamlar öz səhhətlərinə mənfi təsir etməsindən narahat olaraq, baza stansiyalarının evlərinin yaxınlığında yerləşdirilməsini istəmirlər: "Narahatçılıq üçün əsas yoxdur. Çünki elektromaqnit şüalanmasının səviyyəsinə daim ölkənin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzarət olunur və bu günədək bununla bağlı hər hansı pozuntu qeydə alınmayıb”.


Müəllif:

Oxşar xəbərlər