Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası məsələləri üzrə iki ölkənin müvafiq komissiyalarının iclası yanvarın sonunda ikitərəfli formatda keçiriləcək. Üçüncü tərəfin iştirakı planlaşdırılmır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən yerli mətbuata bildirilib.
“İlkin razılığa əsasən, sərhəd komissiyalarının növbəti iclası zamanı ilk olaraq komissiyaların birgə fəaliyyəti haqqında əsasnamə layihəsi müzakirəyə çıxarılacaq. Eləcə də birgə iş zamanı hüquqi əhəmiyyətli sənədlər və aktların dəqiq müəyyənləşdirilməsi, müvafiq hüquqi əsaslarla tərtib edilmiş SSRİ dövrünün son topoqrafik xəritələrinin ortaya çıxarılması və aidiyyəti orqanlar tərəfindən dərc olunması, digər bu kimi məsələlər müzakirə ediləcək”, - məlumatda deyilir.