Ötən il təqsirləndirilən şəxs qismində axtarışda olanların 73%-i, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların isə 60,7%-i tutulub. Bununla yanaşı, 59 soyğunçuluq və quldurluq cinayəti törətmiş 131 nəfərdən ibarət 54 qrup, eləcə də mənzillərdən 91 oğurluq törətmiş 86 nəfərdən ibarət 35 cinayətkar qrup zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov ötən ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında bildirib.
O, bildirib ki, 1414 fakt üzrə qanunsuz dövriyyədən 230 kiloqram narkotik vasitə çıxarılıb. Hesabat dövründə 81 odlu silah, o cümlədən 36 avtomat, 18 tapança, 23 tüfəng, 1 qumbaratan, 3 pulemyot, 101 qumbara, 6 mərmi, 5195 ədəd döyüş patronu yığılıb, əməliyyat yolu ilə 31 odlu silah götürülüb.
Cinayət işlərinin istintaqının və təhqiqat araşdırmalarının qanunvericiliyə uyğun şəkildə aparılması, yol təhlükəsizliyinin nümunəvi təmin olunması, əhaliyə şəxsiyyət vəsiqələrinin verilməsi, vətəndaşların ərizə və şikayətlərinə həssaslıqla yanaşılması, onların qəbulunun keçirilməsi və xidməti fəaliyyətin digər önəmli sahələrində də kifayət qədər işlər görülüb, müsbət nəticələr əldə edilib.
Hacı Zeynalov