Ermənistandakı nümayişlərin lideri, arxiyepiskop Baqrat Qalstanyan Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aktiv mübarizənin bərpa olunduğunu elan edib. Oktyabrın 2-də axşam İrəvanın “Respublika” meydanında etiraz nümayişləri başlayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın “Svpressa” portalı yazır.
Qalstanyanın fikrincə, bu, “inadkar, amansız və qələbə təminatlı mübarizə”nin gərgin və ardıcıl mərhələsinin başlanğıcı olacaq.
Politoloq Stanislav Tarasov Ermənistan müxalifətinin fəallığının İrəvanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi ilə bağlı son gəlişmələrdən qaynaqlandığını deyib:
“Çox güman ki, (sülh danışıqları ilə bağlı) məlumat sızması olub, nəticədə erməni müxalifəti fəallaşmaq qərarına gəlib. Bütün bunların perspektivi varmı? Əvvəlki aksiyalar heç bir nəticə vermədi. Yürüş etdilər, çadırlar qurdular, çıxış etdilər, amma heç nə alınmadı. İndi sual qalib gələ biləcəkləri qədər mütəşəkkil ola bilib-bilməyəcəkləri ilə əlaqəlidir”.
Tarasov hesab edir ki, xarici ölkələrdə yaşayan ermənilərdən də müxaliflərə dəstək olsa, bu, Paşinyanı devirməyə yetməyəcək:
“Məsələn, Rusiyanın erməni diasporu Paşinyanı dəstəkləmir, hətta demək olar ki, ona qarşıdır, amma diasporun siyasi proseslərdə iştiraka nə dərəcədə hazır olub-olmaması sualı açıq qalır.
Bəli, Ermənistan diaspor üçün tarixi vətəndir, hadisələrin gedişatına təsir etməyə çalışırlar. Üstəlik, diaspor çoxmilyonlu qüvvədir. Ancaq müxtəlif səbəblər və müxtəlif vaxtlarda vətənlərini tərk edən insanlar bu gün Rusiyanın tamhüquqlu vətəndaşlarıdırlar, onun silahlı qüvvələrində xidmət edirlər, burada işləyirlər və sair. Əlbəttə, onlar Ermənistanın Rusiya ilə dost olmasında maraqlıdırlar. Amma məncə, bu insanların indiyə qədər göstərdikləri səylər yetərli olmayıb”.
Rus politoloqun iddiasına görə, ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan liderlərinə son telefon zəngində sülhlə bağlı çox ciddi məsələlər (?) müzakirə edilib. Tarasovun fikrincə, Ermənistan müxalifətini (əslində Rusiyaya bağlı qüvvələri – red.) hərəkətə keçirən bu olub.
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının təmsilçiləri Qalstanyanın rəhbərlik etdiyi qüvvələri Rusiyadan gələn təlimatlarla hərəkətə etməkdə ittiham edirlər. Təsadüfi deyil ki, revanşist hərəkatın təşkilatçısı Rusiyaya bağlılığı ilə tanınan sabiq prezident Robert Köçəryan və erməni kilsəsidir. Hərəkat Paşinyan hökumətindən Azərbaycanla sülh və sərhədin müəyyənləşdirilməsi prosesinin dayandırılmasını tələb edir.