18 Yanvar 19:12
278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı partiyanın mətbuat xidmətinə müsahibə verib.

Teleqraf.com müsahibəni təqdim edir:

- Qüdrət bəy, İmişlidə polis əməkdaşının törətdiyi avtoqəza nəticəsində iki azyaşlının həyatını itirməsi sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır. Bu hadisədən polisə və iqtidara qarşı istifadə cəhdləri açıq-aydın görsənir. Bədbəxt hadisəyə sizin münasibətinizi bilmək istərdik...

- Dünyasını dəyişən uşaqlara Allahdan rəhmət, yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirəm. Yaralananların Allah şəfasını versin. Ağır və üzücü hadisədir. Çox təəssüf ki, hər il ölkəmizdə yüzlərlə insan avtoqəzalar nəticəsində dünyasını dəyişir, şikəst olur. Avtoqəza törətmiş bəzi şəxslər hətta öz ailə üzvlərinin ölümünə səbəb olur. Başlanmış cinayət işi günahkarları müəyyən edəcək və həmin şəxs, yaxud şəxslər qanunla müəyyən olunmuş qaydada cəzalandırılacaq. İnsanların hadisəyə emosional reaksiyası qəzanın ağır nəticələri səbəbindən başa düşüləndir. Cəmiyyətimizdə hələ də müharibə həyəcanı qalmaqdadır. Ukraynadakı müharibə səbəbindən Rusiyada işləyən soydaşlarımızın ailə üzvlərinə göndərdiyi maliyyə vəsaitinin həcmi kəskin şəkildə azalıb, qonşu ölkələrlə quru sərhədlərin qapadılması səbəbindən bir çox vərtəndaşımızın həmin ölkələrdən ucuz bazarlıq etmək, sərhədyanı ticarətlə məşğul olmaq imkanları aradan qaldırılıb. İnflyasiyanın artım tempi insanların gəlirlərinin artım tempini üstələyir ki, bu da əlavə sosial gərginlik yaradır. Ona görə mütəmadi olaraq hökuməti sərhədləri açmağa, iqtisadi islahatları genişləndirməyə çağırıram. Hadisə ehtiyatsızlıqdan törədilib. Bu kimi hadisələr dünyanın ən inkişaf etmiş və insan həyatına yüksək qiymət verilən mədəni ölkələrində də baş verir. Bəzi Qərb ölkələrində polis zorakılığından ölənlərin sayı minlərlədir. Şükür Allaha ki, bizdə belə hadisələr baş vermir. Avtoqəza hadisəsindən siyasi məqsədlər üçün istifadə etmək yolverilməzdir. Biz onsuz da son vaxtlar polisə, təhlükəsizlik orqanlarına qarşı xaricdən sistemli şəkildə təşkil olunan və aparılan qara piar kampaniyasını müşahidə etməkdəyik. Hesab edirəm, emosional vəziyyətdə etiraz aksiyasına qoşulmuş və polis avtomobilinə ziyan vuran şəxslərə münasibətdə də sərt qərarlar qəbul olunmamalıdır. Ölkəmizin inkişafı və təhlükəsizliyimiz üçün ölkəmizdə sabitlik qorunmalı, eyni zamanda islahatlar həyata keçirilməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər