Elçin Əhmədov icmanın əlaqələndirmə şurasının sədri təyin edilib
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında 2014-cü ilin yekunlarına dair hesabat iclası keçirilib.
Teleqraf.com-un məlumatına görə, İctimai Birliyin İdarə Heyətinin sədri, icma rəhbəri Bayram Səfərov il ərzində görülən işlər barədə məlumat verib. İcma rəhbəri bildirib ki, 2014-cü il ərzində nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması tərəfindən ayrı-ayrı vaxtlarda beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, eləcə də dünya ictimaiyyətinə ünvanlanmış müraciətlərdə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həll edilməsi üçün ardıcıl səylərin göstərilməsi qeyd edilib, Dağlıq Qarabağ bölgəsindən məcburən köçkün düşmüş azərbaycanlı əhalinin bu çağırışına onların biganə qalmayacağı, münaqişənin ədalətli həlli üçün daha qətiyyətli və prinsipial mövqe tutacaqları öz əksini tapıb. Bu baxımdan, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi 20 Yanvar hadisələri, ermənilərin Xocalıda və Qaradağlıda törətdikləri soyqırımları, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü, Şuşanın və digər Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar xarici ölkələrin parlamentlərinə, beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə etdiyi müraciətlərdə Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları və hərbi təcavüzü haqqında daha dolğun təsəvvür yaratmaq və onları bu məsələyə biganə qalmamağa çağırış öz əksini tapıb.
Hesabat iclasında Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyin Əlaqələndirmə Şurasının sədri təyin edilib.
Elçin Əhmədov çıxışında 2015-ci ildə İctimai Birliyin fəaliyyət istiqamətlərindən danışaraq icmanın həm ölkə daxilində, həm də xarici ölkələrdə həyata keçirəcəyi tədbirlər, eləcə də qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. O, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə qısamüddətli kursların keçirilməsinin məqsədlərindən danışıb. Qeyd edib ki, məqsəd son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. O, Qarabağ Araşdırmalar Mərkəzində 2015-ci ildə də ali məktəb tələbələri üçün Qarabağ həqiqətləri haqqında qısamüddətli kursların davam etdiriləcəyi bildirib.
E.Əhmədov qeyd edib ki, 2014-cü ildə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəsmi saytı olan www.karabakh.az yenidən qurulub və təkmilləşdirilib. Qarabağ Araşdırmalar Mərkəzinin www.qam.az və özündə Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektlərini əks etdirən filmlərdən ibarət www.therealstoriesofkarabakh.com saytları yaradılaraq istifadəyə verilib.
Hesabat məruzələrindən sonra İctimai Birliyin idarə heyətinin üzvləri – Xocalı və Xocavənd rayonlarının icra hakimiyyətlərinin başçıları Şahmar Usubov və Eyvaz Hüseynov, Milli Məclisin deputatları Elman Məmmədov, Rövşən Rzayev və başqaları çıxışlarında ötən dövr ərzində qurumun fəaliyyətini müsbət qiymətləndirdilər.
Toplantıda Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb. Çıxışlarda, həmçinin icmadaxili və beynəlxalq ictimaiyyət arasında daha səmərəli, genişmiqyaslı fəaliyyətin qurulması məqsədilə yeni fəaliyyət istiqamətlərinin vacibliyi diqqətə çatdırılıb. Sonda İctimai Birliyinin 2015-ci il üçün perspektiv fəaliyyət planı müzakirə və təsdiq olunub.
Səxavət