Niderland Olimpiya Komitəsi – Niderland İdman Konfederasiyası “Bakı-2015” ilk Avropa Oyunlarında ölkəni 120 idmançının təmsil edəcəyini açıqlayıb.
Teleqraf.com “Bakı-2015”ə istinadla xəbər verir ki, heyətdə məşhur stolüstü tennisçilər Li Jie, Li Jiao, gimnastlardan Seline van Qerner, Liza Top, Lieke Vevers və digərləri yer alıblar.
Niderland komandasının şef-de-missionu Ceroen Biyl atletlərin idmanın 17 növü üzrə mübarizə aparacağını vurğulayaraq deyib: “Komandamız mötəbər yarışa ciddi hazırlaşır. Atletlərimizin turnirdə hədəfləri böyükdür. Ümid edirəm ki, idmançılarımız uğurla çıxış edib bizi sevindirəcək”.
Niderlandlı idmançılar Bakıda kamandan oxatma, basketbol 3x3, çimərlik voleybolu, boks, kanoe sprinti, velosiped, üzgüçülük, qılıncoynatma, gimnastika, cüdo, karate, atıcılıq, stolüstü tennis, taekvondo, triatlon, suya tullanma və güləş yarışlarında mübarizə aparacaqlar.