17 Avqust 2015 20:19
1 645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın dünya şöhrətli musiqiçisi, ecazkar vokal ifaçılığı ilə milyonların qəlbini fəth etmiş Müslüm Maqomayevin doğum günüdür.

Teleqraf.com xəbər verir ki, Azərbaycanın və SSRİ-nin Xalq artisti, böyük müğənni və bəstəkar Müslüm Maqomayevin Fəxri Xiyabanda anım mərasimi keçirilib. Mərasimdə Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, kinorejissor Eldar Quliyev, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, heykəltəraş Ömər Eldarov, eləcə də müğənninin digər sənət dostları, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

“Onun səsi Allah vergisi idi”

Kinorejissor Eldar Quliyev Müslim Maqomayevin istedadının sərhədsiz olduğunu, onun nəinki Sovetlər məkanında eyni zamanda bütün dünyada tanındığını və sevildiyini bildirib: “Müslüm Maqomayev rəhmətə gedəndə heç bir dünya qəzeti buna biganə qala bilmədi. Hamısı bu hadisədən yazdı. Çünki Müslüm Maqomayev bütün dünyada sevilirdi. O, çox böyük istedad sahibi idi və onda olan səs Allahın vergisi idi. İllər keçəcək, amma o, yenə də xatırlanacaq, musiqilərinə qulaq asılacaq və anılacaq. Biz sevinməliyik ki, bu cür böyük istedadın sahibi məhz azərbaycanlı idi. O böyük sənətkar Müslüm Maqovayev idi. Müslüm Azərbaycanı, Bakını sevirdi və təsadüfü deyildi ki, son mahnısının adı “Əlvida, Bakı” idi. Amma biz bu gün ona “Salam, Müslüm” deyirik. Sən hər zaman yaşayacaqsan”.

Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya anım mərasiminə gələn hər kəsə təşəkkür edib: “Mən bu gün vaxtlarının müəyyən hissəsini sərf edib bura gələn hər kəsə təşəkkür edirəm. Müslüm burdadır, o həm də Moskvadadır və o, həmçinin hər yerdədir. Onu sevənlər var olduqca o da var olacaq”.

Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, heykəltəraş Ömər Eldarov böyük sənətkarla bağlı xatirələrini dilə gətirib, onun Azərbaycan musiqisi üçün xidmətlərini yüksək qiymətləndiriblər.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin Müslüm Maqomayevi "dünya şöhrətli sənətkar" adlandırıb, onun hər kəs tərəfindən sevildiyini bildirib. O qeyd edib ki, Müslüm Maqomayev həm Azərbaycan, həm də Rusiya üçün doğma şəxsiyyət idi: “Müslüm Maqomayevin Azərbaycan-Rusiya münasibətlərinin inkişafında əvəzedilməz xidmətləri olub”. Səfir çıxışının sonunda Müslüm Maqomayevə həsr olunan şeiri səsləndirib.

Şöhrətə gedən yolçuluq

Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci ildə avqustun 17-də Bakıda anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib, daha sonra Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 19 yaşında Helsinkidə gənclər festivalının qalibi olub. 1969-cu ildə Sopot (Polşa) beynəlxalq mahnı festivalının baş mükafatını qazanıb. Onun ən böyük arzularından biri İtaliyada təhsil almaq idi. İtaliyanın Milan şəhərindəki “La Skala” teatrında təcrübə keçib. Enriko Pyatsa ilə “Sevilya bərbəri” operasından Fiqaronun, “Toska” operasından Skarpianın partiyalarını hazırlayıb.

İlk konsert

1966-cı ildə Parisin “Olimpiya” konsert salonunda ilk konsertini verib. 1975-ci ildə “Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri”nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb. Keçmiş SSRİ-nin hər yerində çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb, qrammofon valları böyük tirajla buraxılıb.

Sənətkar keçmiş SSRİ-nin bir çox təltiflərinə, müstəqil Azərbaycanın “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb. 2008-ci ilin oktyabrın 25-də Moskvada vəfat edib. Müğənni doğma şəhəri Bakıda Fəxri Xiyabanda dəfn edilib.

O, görkəmli musiqiçi və dirijor Müslüm Maqomayevin nəvəsidir.

Nərmin Muradova

Foto: Elçin Murad


Müəllif:

Oxşar xəbərlər