“Mənim Eldar Mahmudovla yalnız işgüzar əlaqələrim olub. O, mənim nə dayım oğlu, nə də əmim oğludur. Bu nə paxıllıqdır? İndi mən MTN-də monitorinq apara bilirəmsə, barəmdə belə çirkin yazılar yazılmalıdır?”.
Bunu Teleqraf.com-a açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov mətbuatda barəsində gedən məlumatlara münasibət bildirərkən qeyd edib.
Saytlarda yer alan məlumata görə, "MTN işi"ndə E.Behbudovun da adı hallanır. Nazirlikdəki saxlanma mərkəzində monitorinq aparmaq hüququ olan E.Behbudov ona olunan güzəştlərin müqabilində MTN-in saxlanılan şəxslərə qarşı davranışlarını tərifləyib.
Komitə sədri bildirib ki, onlar hər ay MTN-də monitorinq keçiriblər: "Nöqsanların aradan qaldırılması üçün rəhbərliyə müraciətlər etmişəm. İslamçı Səid Dadaşbəyli və jurnalist Pərviz Həşimlinin saxlanılması ilə bağlı şikayətlər olmuşdu. Birinci işgəncə, jurnalist isə başına torba keçirilməsilə bağlı mənə şikayət etmişdi. Bu məsələləri rəhbərlik qarşısında qaldırdım. İşgəncə ilə bağlı iradları qəbul etmədilər. Pərviz Həşimlinin başına torba keçirilməsilə bağlı dedilər ki, bu, onların işidir. Başqa elə bir şey olmayıb. Hətta sahibkarlarla bağlı mənə şikayət edilməyib. Yalandan necə deyim ki, sahibkarlardan mənə şikayətlər daxil olub. İndi MTN-də bir neçə nəfər həbs edilib, işdən çıxarılanlar var. Birbaşa prezidentin nəzarətində olan məsələdir. Mən nə deyə bilərəm?"
E.Behbudov MTN-in həbs edilən zabitlərinə baş çəkim-çəkməyəcəyinə də aydınlıq gətirdi: "Müraciət etsələr, baş çəkəcəm".
Ayxan