Aprelin 21-də “Azad Azərbaycan” televiziyasının efirində yayımlanan süjetdə xaricdən ayaqqabı gətirən sahibkarın gömrükdə problemlə üzləşdiyi vurğulanıb. Belə ki, Azərbaycanda ayaqqabı istehsal etmək istədiyini, bu məqsədlə xaricdən test üçün ayaqqabı nümunələrindən 1 tay gətirdiyini bildirən həmin sahibkar idxal etdiyi mala görə ondan rüsum tələb olunması ilə razılaşmır.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumatda bildirilir ki, Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfındən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir.
Həmin qaydalara əsasən fiziki şəxslər tərəfindən gömrük ərazisinə mallar istehsal, yaxud kommersiya məqsədləri üçün gətirildikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 saylı qərarı ilə təsdiq edilən “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları” ilə müəyyən edilmiş gömrük bəyannaməsi və digər müvafiq sənədlər təqdim edildikdən və qanunvericiliklə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra bu malların gömrük rəsmiləşdirilməsi həyata keçirilir.
Ancaq süjetdən də aydın olduğu kimi, sahibkarın gətirdiyi ayaqqabı yükünün miqdarı 71 kiloqram, sayı isə onlarladır ki, bu da şəxsi istehlak üçün deyil, istehsal və kommersiya məqsədi daşıyır. Ayaqqabıların hələlik 1 tayının ölkəyə gətirilməsi isə onun kommersiya məqsədilə gətirilmədiyini demək və ya iddia etmək üçün əsas deyil. Həmin süjetdə adı çəkilən şəxs özünün sahibkar olduğunu, fiziki şəxs kimi idxal etdiyi ayaqqabıların 1 tayını istehsal üçün nümunə olaraq gətirdiklərini açıq-aydın etiraf edir.
Aparılan araşdırmalar nəticəsində o da məlum olub ki, süjetdə təqdim olunan sahibkar mütəmadi olaraq xaricə səfər edir və hər dəfəsində də istehsal və kommersiya məqsədi ilə müxtəlif növ ayaqqabıların 1 tayını gətirir ki, bu da növbəti səfər zamanı həmin ayaqqabıların digər tayını gətirməyəcəyi anlamına gəlməz.
Naibə QURBANOVA