22 İyul 2014 12:19
1 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün peşə bayramımızdır

Bu gün milli mətbuatın yaradılmasının 139-cu ildönümüdür. İlk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən yaradılmış "Əkinçi" qəzetinin fəaliyyətə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. 139 ildə müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.

Hazırda respublikada 4000-dən çox KİV qeydə alınıb, çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir. Azərbaycanın aparıcı qəzetlərinin rəhbərlərindən medianın hazırkı durumu və peşə bayramımız münasibətilə fikirlərini öyrəndik.


"Demək olmaz ki, mətbuatımız Zərdabi ənənələrindən uzaqdır"

Mətbuat Şurasının sədri Əflatun Amaşov hesab edir ki, müəyyən obyektiv və subyektiv cəhətlərə əsasən mətbuatımızın hazırkı durumu onu o qədər də razı salmır: "Amma hər cür çatışmazlıqlara və hətta xoşagəlməzliklərə rəğmən demək olmaz ki, mətbuatımız Zərdabi ənənələrindən uzaqdır. Jurnalistikamız müstəqillik ruhunun daşıyıcısı kimi çıxış edə bilir. Düşünürəm ki, bu, son dərəcə vacib məsələdir. Hazırkı dövrün reallıqlarını və tələblərini də nəzərə almaq lazımdır. Bəzən hadisə və proseslərin çatdırılması üçün həddən artıq operativlik tələb olunur. Bu cür fəaliyyət zərurətinin doğura biləcəyi vəziyyətlərin tənzimləməsində peşəkarlıq son dərəcə vacib göstəricidir. Medianın transformasiyası, yəni fəaliyyət üsullarını və vasitələrini dəyişdiyi, ənənəvi mediadan onlayn mediaya keçidin gerçəkləşdiyi bir dönəmdə "Azərbaycan jurnalistikası ənənələrə sadiqdirmi?" sualı da daha çox verilir. Zənnimcə, hər cür çatışmazlıqlara baxmayaraq, ümumən mətbuatımızın ictimai fikir institutu kimi özünü təsdiqləməsində tarixi sələflərimiz olan nəşrlərin missiyaları ilə bənzərlik var. Demək, ənənələrə sadiqlik də var".

"Azərbaycanda diffamasiyaya görə azadlıqdan məhrum edilən jurnalist yoxdur"

Mətbuat Şurasının sədri bildirib ki, Azərbaycanda media orqanları tam azaddır: "Onlar istədikləri mövzunu gündəmə gətirmək sərbəstliyinə malikdirlər. Bəzən mövzu rəngarəngliyinin ifrat nəticələr doğurduğunun da şahidi oluruq. Hər bir halda düşünürük ki, azad cəmiyyətdə yaşayırıqsa, belə hallar da olmalıdır. Söz və ifadə azadlıqlarının verdiyi imkanların düzgün dəyərləndirilməsində yetərincə çətinliklər var. Xüsusən də, internet medianın geniş vüsət aldığı indiki dövrdə problemlər özünü daha qabarıq şəkildə göstərir. Azərbaycan mətbuatı ildən-ilə irəliyə gedir. Mövcud müstəvidəki problemlər aradan qalxdıqca mediamızı cəmiyyətə örnək edən göstəricilər də çoxalacaq. Hesab edirəm ki, "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası"nda nəzərdə tutulan məsələlərin sistemli şəkildə həyata keçirilməsi ilə əsaslı irəliləyişlərə nail olmaq mümkündür. Peşəkarlığı doğuran başlıca cəhət peşəyə sevgidir. Mövcud anlamda 2013-cü ilin noyabrında dövlət başçısının jurnalistlərlə keçirdiyi görüşdə səslənmiş təkliflərin həyata keçirilməsinə yönələn işlər böyük əhəmiyyətə malikdir. Artıq ali məktəblərin jurnalistika fakültələrinə qəbulda qabiliyyət imtahanı tətbiq edilir. Düşünürəm ki, bu işin gələcəkdə daha sistemli şəkil almasına ehtiyac var. Eyni zamanda jurnalistikanın tədrisi sahəsində islahatların aparılması da aktual səciyyə daşımaqdadır. Azərbaycanda diffamasiyaya görə azadlıqdan məhrum edilən jurnalist yoxdur və bu, müsbət haldır. Ancaq hər bir halda jurnalistin yazdığı materiala görə həbsin nəzərdə tutan müddəaların Azərbaycan Respublikasının Cinayət Məcəlləsində qalmasını istəməzdik. Buna görə də diffamasiya ilə bağlı fəaliyyətin davam etdirilməsi də vacibdir".


Hikmət Babaoğlu: "Sevindiricidir ki, jurnalistlərin ev problemi həll olunur"

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlunun sözlərinə görə, milli mətbuat dövlətin və Azərbaycan hakimiyyətinin qayğısı ilə əhatə olunub: "Biz mətbuat tariximizin inkişaf dövrünü geniş şəkildə nəzərdən keçirsək, görəcəyik ki, heç vaxt mətbuatımız indiki qədər azad, müstəqil və iqtisadi baxımdan təminatlı olmayıb. Bu isə Azərbaycan Prezidentinin milli mətbuatımıza göstərdiyi diqqətinin nəticəsidir. Bu gün milli mətbuatımız ictimai institut kimi cəmiyyətin bütün sferalarına nüfuz edərək onun problemlərini işıqlandırır və cəmiyyətin aynası rolunu oynayır. Hesab edirəm ki, milli məfkurəmizin, sosial kimliyimizin formalaşmasında, ictimai ahəngdarlığın təmin olunmasında medianın çox böyük rolu var. Bu mənada, indiki mərhələdə milli mediamız üzərinə düşən bu tarixi missiyanı çox uğurla həyata keçirir".

H.Babaoğlunun fikrincə, çox sevindiricidir ki, bu illər ərzində Azərbaycan media mənsublarının məişət, ev problemləri həll olunur, onlara aylıq KİVDF tərəfindən müvafiq məbləğdə pullar ayrılır: "Heç şübhəsiz ki, bütün bunlar Azərbaycan Prezidentinin siyasi iradəsi sayəsində mümkün olur. Ona görə də hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar həm də Azərbaycanda jurnalistlərin peşə nüfuzunun artırılmasına xidmət göstərir. Bütün media mənsublarını ürəkdən təbrik edirəm, onlara yeni yaradıcılıq uğurları arzulayıram. Mürəkkəb bir dövrdə qlobal informasiya əsrində informasiyanı tükü tükdən seçən kimi seçib gerçəyini, doğrusunu və milli maraqlarımıza xidmət edən informasiyanı cəmiyyətimizə təqdim etmələrini arzulayıram".

"Qısa zamanda jurnalistlərin binasına köçəcəyəm"

H.Babaoğlu jurnalistlər üçün paylanan evdən də danışıb: "Vaxtaşırı evimizə gedirik. Orada dəniz mənzərəsini seyr edirik. Hər dəfə də cənab Prezidentimizə milli mətbuatımızın mənsublarına göstərdiyi bu qayğıya görə ürəyimizdə ona minnətdarlıq hissi ifadə edirik. Hələlik daimi yaşamırıq. Övladlarım məktəblidir, məktəbi dəyişməmək üçün əvvəlki qeydiyyatda olan ünvanda yaşayırıq. Amma ən qısa zamanda köçməyi planlaşdırırıq".


Natiq Məmmədli: "Mətbuat biznes strukturu kimi formalaşıb özünü doğrultmalıdır"

"Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli hesab edir ki, Azərbaycan mətbuatı digər dövrlərlə müqayisədə hazırda daha peşəkarlığa doğru addımlar atıb: "Azərbaycanda formalaşmış media mövcuddur. Bununla hesablaşmaq lazımdır. Digər dövrlərdə bağlı belə fikirlər deyə bilməzdik. Mətbuat özünün fəaliyyətini tənzimləməli və biznes strukturu kimi formalaşıb özünü doğrultmalıdır. Mən bütün həmkarlarımızı təbrik edirəm və arzu edirəm ki, yaxın gələcəkdə öz ayaqları üzərində dayanan, biznes strukturu kimi formalaşan mətbuatın şahidi olaq".

"Qəzetlər də xəbərin ötürülmə sürətinin artması ilə ayaqlaşır"

N.Məmmədli onlayn medianın aktivləşməsi nəticəsində qəzetlərin bir qədər arxa plana keçməsi fikri ilə razılaşmır: "Qəzetin öz funksiyası var. Qəzetlər həm elektron vasitə kimi, eyni zamanda kağız formatında çıxır. Söhbət xəbərin ötürülmə sürətinin artmasından gedir. Qəzetlər də xəbərin ötürülmə sürətinin artması ilə ayaqlaşır".

Baş redaktor onlayn mediada saytların günü-gündən artması və peşəkarlıqla bağlı iradlara da toxundu: "Qoyun seçimi oxucu eləsin. Buna fikir plüralizminin elementi kimi baxaq. Biz jurnalistik, yeni yaranan sayt və qəzetlərə oxucular qiymət versin, özümüz özümüzü qiymətləndirməyək".


Elçin Mirzəbəyli: "Oxucu problemi var"

"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin fikrincə, Azərbaycan kimi müstəqil ölkədə yaşamaq və milli mətbuat gününü qeyd eləmək hər bir Azərbaycan vətəndaşında qürur hissi yaratmalıdır: "Şübhəsiz mətbuatımızın inkişafı istiqamətində kifayət qədər addımlar atılır. Medianın maddi texniki bazasının yüksəldilməsi istiqamətində kifayət qədər ciddi addımlar atılıb. Bu proses davam edir. Eyni zamanda jurnalistlərin sosial problemlərinin həlli istiqamətində Azərbaycan dövlətinin atdığı addımlar göz qabağındadır. Buraya Azərbaycan jurnalistlərinə mənzillərin verilməsi, eyni zamanda yeni binaların tikilməsi də aiddir".

E.Mirzəbəyli vurğulayıb ki, mediadakı problemlər Azərbaycan jurnalistlərin də üzərinə məsuliyyət qoyur: "Problemsiz cəmiyyət ola bilməz. Bu problemlər bilavasitə mətbuatın özündən qaynaqlanmır. Bütövlükdə oxucu problemi var. İnternet medianın inkişafı nəticəsində çap mediasında problemlər yaranır. Bu proses bütün dünyada baş verir. Amma bu da müvəqqəti xarakter daşıyır. Və düşünürəm ki, bu problemlərin aradan qaldırılması istiqamətində ciddi addımlar atılacaq".

O, peşə bayramını KİVDF və Mətbuat Şurasının birgə təşkil etdiyi tədbirdə qeyd edəcək: "Kollektivimi də hər hansı formatda təbrik edəcəyəm".


Akif Aşırlı: "Bu gün cəmiyyətin bayramıdır"

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının sözlərinə görə, milli mətbuat gününün bayram kimi qeyd olunması əlamətdar bir hadisədir: "Bu, təkcə medianın yox, həm də cəmiyyətin bayramıdır. Azərbaycan müstəqilliyini əldə edəndən sonra Azərbaycanda müstəqil mətbuat nümunələri yarandı. Bu gün də o nümunələr yaşayır. Təbii ki, klassik qəzetçilik, alternativ internet jurnalistikası da sürətlə inkişaf edir. Əhalinin 70 faizi internet istifadəçisidir. İnternet jurnalistikasının durmadan inkişafı mənə 90-cı illərdə çap mətbuatının inkişafı dövrünü xatırladır. Həmin dövrdə də təqribən belə idi. Hər gün köşklərdə yeni qəzet çıxırdı. Bu gün isə gündəlik olaraq 2-3 sayt fəaliyyətə başlayır. Bütün bunlar Azərbaycan mətbuat və söz azadlığının varlığı və inkişafı deməkdir. Təbii ki, problemlərimiz də var. Biz hələ bazar münasibətlərini qura bilməmişik. Reklam bazarı kifayət qədər şəffafdır. Bəzi çap məhsullarında keyfiyyət aşağıdır, peşəkar jurnalistlərimizin sayı o qədər də çox deyil".

A.Aşırlı kollektivini yığıb təbrik edəcək, xoş sözlər deyəcək: "Elə bir imkanımız yoxdur ki, hər işçiyə pul mükafatı verib onları sevindirək. Hər halda KİVDF-nin müsabiqəsinin nəticələri açıqlanacaq, hesab edirəm ki, qaliblərdən bir neçəsi də "Şərq"in əməkdaşı olacaq".

NƏRGİZ


Müəllif: