4 Sentyabr 2014 17:01
2 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

KİV-lər ölkədə görülən işləri, Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu siyasəti daha geniş və obyektiv şəkildə işıqlandırmalı, cəmiyyətdə, xüsusilə gənc nəsil arasında Vətənə sevgi hissləri, insanlara mənəvi saflıq aşılamalı, onlarda əsl vətəndaşlıq mövqeyinin formalaşmasına dəyərli töhfəsini verməlidir.

Ramiz MEHDİYEV, akademik

Məlum olduğu kimi, avqust ayının 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi keçirilib. Akademik Ramiz Mehdiyevin geniş məruzə ilə çıxış etdiyi müşavirədə kütləvi informasiya vasitələrinin rəhbərləri və dövlət orqanlarının rəsmi şəxslərinin iştirakı ilə Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi ilə bağlı aktual məsələlər müzakirə edilib, ənənəvi və sosial mediada məsuliyyətliliyin artırılmasının əhəmiyyəti vurğulanıb.

Bu müşavirə Azərbaycan mətbuatının inkişaf tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Çünki müasir dövrdə media funksional vahid olaraq həm də idarəetmə vasitəsi kimi çıxış edir. Xüsusən də, ekstremal vəziyyətdə medianın funksionallığı daha da artaraq ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sferalarını əhatə etməklə onların istiqamətlərinin formalaşmasına ciddi təsir göstərir. Akademik Ramiz Mehdiyev müşavirədə, məhz bu məsələlərə toxunaraq qeyd edib ki, Azərbaycanda 1998-ci ilin avqust ayında ulu öndər Heydər Əliyev tərəfindən senzura ləğv edilib, son illərdə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik islahatların, vətəndaş cəmiyyəti quruculuğunun daha da dərinləşdirilməsi sahəsində mühüm nailiyyətlər əldə olunub, söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin inkişafı istiqamətində uğurlu siyasət həyata keçirilib.

Ancaq bəzi hallarda media nümayəndələrində bu azadlıqlardan sui-istifadə hallarına rast gəlinməkdədir ki, bu da milli maraqlarımızla uzlaşmır. Müasir dövrdə medianın ən mühüm funksiyalarından biri də milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir: “Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca prinsiplərini təşkil etməlidir. KİV-lər cəmiyyətdə, xüsusilə gənc nəsil arasında Vətənə sevgi hissləri, insanlara mənəvi saflıq aşılamalı, onlarda əsl vətəndaşlıq mövqeyinin formalaşmasına dəyərli töhfəsini verməlidir”.

Lakin bir sıra kütləvi informasiya vasitələrinin, xüsusən də sosial medianın fəaliyyətinin funksionallığı bəzi hallarda bilərəkdən, yaxud bilməyərəkdən milli maraqlara qarşı yönəldilən bir vasitə kimi çıxış edir. Ona görə də xüsusən hərbi-ekstremal vəziyyətdə medianın fəaliyyətinin nizamlanması günün ən aktual məsələlərindən biridir.

Müasir informasiya cəmiyyətində medianın yeri və rolu olduqca böyükdür. Qloballaşma hər bir milli dövlətə yeni cəmiyyət modeli təqdim edir və milli cəmiyyətlərin təqdim edilən bu modeli dəyişmək və yaxud bəzən ondan imtina etmək kimi bir seçimləri olmur. Ona görə də qəbul olunan yeni sosium növü informasiya cəmiyyəti kimi səciyyələndirdiyimiz sosial stratifikasiya formalaşdırır. İnformasiya cəmiyyətinin ənənəvi milli-mədəni və ya dini-mədəni cəmiyyətlərdən fərqi ondadır ki, informasiya cəmiyyəti milli-mənəvi dəyərlərə, adət-ənənələrə, milli mentalitetə deyil, məhz cəmiyyətin istehlak etdiyi informasiyaya əsaslanır. Cəmiyyətin informasiya məkanında mövcud olan informasiya mübadiləsi, informasiya istehsalı və istehlakı, əslində, yeni sosiumun fərdləri olan insanların düşüncəsini, həyat tərzini, hadisələrə baxışını, onların davranışlarını müəyyənləşdirir. Bu davranışın hansı formada olması isə məhz informasiya məkanında dövriyyədə olan informasiyanın keyfiyyətindən çox asılıdır. Ona görə də hər bir milli dövlətin informasiya məkanı milli maraqlar baxımından proqnozlaşdırılmalı və məqsədyönlü şəkildə formalaşdırılmalıdır ki, ona nəzarət etmək və yönləndirmək mümkün olsun.

Çox hallarda medianın funksiyasından danışarkən, biz onun birinci funksiyasını göz önünə gətiririk - bu, medianın cəmiyyəti informasiya ilə təmin etmək funksiyasıdır. Ancaq hazırkı vəziyyətdə modern informasiya cəmiyyətlərində nə medianın funksiyası, nə də cəmiyyətin mediaya münasibəti bununla məhdudlaşmır. Çünki müasir mərhələdə media, cəmiyyət, dövlət münasibətləri elə bir səviyyəyə gəlib çatıb ki, bu münasibətlər millətin və xalqın, eyni zamanda, milli dövlətin taleyi baxımından olduqca əhəmiyyətli bir vasitəyə çevrilib. Ona görə də bu münasibətlər sistemində informasiya, sadəcə, informasiya kimi deyil, həm də idarəetməni həyata keçirən funksional vahid kimi çıxış edir.

Belə olduqda, biz artıq informasiyanı xüsusi təyinatlı institusional vasitə kimi nəzərdən keçirə bilərik. Ona görə də informasiyanın keyfiyyəti, onun necəliyi və təsir dairəsində törədə biləcəyi fəsadlar, yaxud milli maraqlar baxımından gətirə biləcəyi dividendlər həddindən artıq çoxdur.

Ekstremal vəziyyətdə isə informasiyanın əlahiddə statusu bir qədər də artır. Bu mənada, müharibə şəraitində yaşayan Azərbaycan üçün informasiya məkanının qorunması, informasiya təhlükəsizliyinin və milli və dövlət maraqlarının təmin olunması üçün istifadə edilməsi son dərəcə vacibdir. Bu gün Azərbaycanın informasiya məkanına təkcə çap mediası və klassik medianın deyil, eyni zamanda, internet və sosial medianın da daxil olduğunu nəzərə alsaq, o zaman informasiyanın əhəmiyyətinin nə qədər artdığının bir daha şahidi olarıq. Nəzərə alaq ki, bu gün informasiyanı idarə edənlər, onu istehsal edənlər, ötürənlər, informasiya daşıyıcısı olanlar, yaxud informasiya mənbəyi qismində çıxış edənlər həddindən artıq çoxdur, o zaman kiber məkanın, yaxud informasiya məkanının idarə olunması və yönləndirilməsi daha böyük aktuallıq kəsb edir.

Bu gün klassik demokratik cəmiyyətlərdən fərqli olaraq, informasiya cəmiyyətlərində sosial medianın funksiyası çoxşaxəlidir. Sosial media, internet jurnalistikası, “Facebook”, “Twitter” və s. kimi vətəndaş jurnalistikası mürəkkəb daxili struktura malik virtual məkan kimi olduqca təsirli bir vasitədir.

Sosial mediadan fərqli olaraq, çap mediası və tele-radio məkanı nisbətən daha asan idarə və nəzarət olunandır. Çünki bu informasiya məkanının özünəməxsus öhdəliyi var və hüquqi məsuliyyət daşıyır. Sosial medianın, vətəndaş jurnalistikasının isə xəbər əldə etmək və xəbər ötürmək kimi peşəkar öhdəliyi olmadığından burada bir hüquqsuzluq və informasiya xaosu mövcuddur. Belə vəziyyətdə hər bir cəmiyyətdə informasiyanın idarə olunmasının aktuallığı bir daha ortaya çıxır. Doğrudan da, biz atəşkəsin pozulduğu qısa müddət ərzində onun şahidi olduq ki, Azərbaycanda informasiyanın idarə olunmasında müəyyən problemlər var və informasiyanın xaotik hərəkəti bəzi hallarda hərbi sirlərin yayılmasına gətirib çıxarır, yaxud xarici ölkələrin əks-kəşfiyyat orqanları üçün informasiyaları mənbə qismində çıxış edir.

Bütün bunlar azmış kimi, demokratik cəmiyyətdə, o cümlədən Azərbaycanda dediyimiz vasitələrdən başqa bir sıra mənbələr də vardır ki, onlar bir çox hallarda çoxşaxəli funksional vahid kimi, həm də informasiya ötürücüsü, yaxud informasiya istehsalçısı qismində çıxış edə bilirlər. Bunlar qeyri-hökumət təşkilatları, bir sıra hüquq müdafiə təşkilatları və transmilli media qurumlarının ölkəmizdə olan xidmətləridir. Əgər biz informasiya cəmiyyətinin tərkib hissəsi kimi, bu qurumları kompleks nəzərdən keçirsək, o zaman informasiyanın yeni keyfiyyətdə insan formalaşdırdığının şahidi ola bilərik.

Şərti olaraq, informasiya cəmiyyətində yetişən yeni insanı “homo informatikus” adlandırırlar. Homo informatikus idraki-əqli keyfiyyətləri ilə deyil, aldığı informasiya əsasında öz hərəkətlərini, baş verən hadisələrə münasibətini, dövlətə və vətəndaşa qarşı öz mövqeyini müəyyənləşdirən fərd kimi çıxış edir. İnformasiya cəmiyyətinə qədər formalaşan insan — homo sapiens isə cəmiyyətdəki münasibətlərdə məhz əqli və idraki keyfiyyətlərinə söykənərək, hərəkət edir və davranışlarını müəyyənləşdirir.

Əgər biz homo informatikus və homo sapiens şəhadətlərini müqayisə etsək, görərik ki, milli və dövləti maraqlar baxımından homo sapiens daha idarə olunan, daha dürüst, daha keyfiyyətli və milli maraqları qoruyan daha etibarlı komponentdir. Homo informatikus isə sürüşkəndir, loyaldır, laqeyddir, bəzi hallarda dərk edilən deyil.

Məhz yeni informasiya cəmiyyətinin formalaşdırdığı homo informatikuslar əksər hallarda informasiya cəmiyyətində kütləvi qeyri-şüuri davranışın əsasını yaradan vasitə kimi çıxış edirlər. Beləliklə, kütləvi qeyri-şüuri davranış milli və dövlət maraqlarını nəzərə almadan, görmədən hərəkətə keçir. Bu zaman isə ciddi mənada istər informasiya məkanında, istərsə də real sosiumda xaos və qarşıdurma baş verir.

Bütün bunları nəzərə alsaq, iştirakçısı olduğumuz müşavirənin nə qədər aktual və vacib bir mövzuya həsr edildiyini bir daha anlayarıq. Buna görə də konfransı təşkil edənlərə dərin minnətdarlığımızı bildirərək qeyd etmək istərdik ki, biz manipulyativ informasiya vasitəsilə törədilən xaotik hadisələrin baş verdiyi çoxlu məkanlar bilirik. Amma Azərbaycanda bu hadisələr baş vermir. Ona görə ki, Azərbaycanın informasiya məkanı əksər hallarda idarə olunan milli və dövlət maraqlarının qorunmasına istiqamətləndirilən, daim maarifləndirilən bir məkandır. Bu isə ölkəmizdə informasiya siyasətinin olduqca düzgün müəyyənləşdirildiyinin göstəricisidir. Məhz bu informasiya siyasəti sayəsində Azərbaycanda homo sapienslərin sayı homo informatikusların sayından çoxdur. Nəzərə alsaq ki, homo informatikuslar əksər hallarda internet məkanında ucuz və manipulyativ yüklə, neqativ enerji ilə yüklənmiş informasiya mənbələri ilə qidalanır, o zaman homo informatikusların nə qədər təhlükəli olduğunu görə bilərik.

Məsələ ondadır ki, homo informatikus etdiyi hərəkəti və davranışlarını qiymətləndirməyi də bacarmır, ona tənqidi yanaşa bilmir. Çünki onun etdiyi hərəkətlərdə və davranışlarda əql, idrak iştirak etmir. Bu cür kütlə ilə işləmək, əlbəttə ki, çox çətindir. Ancaq nəzərə almalıyıq ki, Azərbaycanda son 20 ildə intellektual əsaslarda yeni cəmiyyət formalaşıb və bu imperialist mərkəzlərin informasiya silahının Azərbaycanda effektiv olmasının qarşısını alıb. Ancaq bununla belə, bəzi çevrələr müəyyən situasiyalardan Azərbaycanın informasiya təhlükəsizliyinə zərbə vurmaq üçün yararlanmağa çalışırlar. Xatırladaq ki, sözügedən müşavirədə Prezident Administrasiyanın rəhbəri Ramiz Mehdiyev bildirib ki, avqustun əvvəlində Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində müşahidə olunan gərginlik bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsini açıq nümayiş etdirib, cəbhə xəttində vəziyyət barədə yanlış məlumatlar, hərbi hissələrimizin dislokasiyası və hərəkəti, həlak olmuş hərbçilərin sayının süni şəkildə şişirdilməsi və bu mövzuda müxtəlif spekulyativ informasiyaların yayılması, cəbhə bölgəsində yaşayan əhali və ölkə ictimaiyyəti arasında çaşqınlıq yaratmaq cəhdləri, düşmənin maraqlarına xidmət edən məlumatların sızdırılması və s. barədə konkret faktlar göstərib.

Doğrudan da, şahidi olduğumuz kimi, iyul ayının 28-29-dan başlayaraq avqust ayının 8-9-na qədər ön cəbhədə atəşkəs pozuldu. Bu hadisə paralel olaraq ölkə daxilində bir növ lokal informasiya müharibəsinə çevrildi. Ən müxtəlif media vasitələri, sonsuz sayda əsassız informasiya ötürməyə başladılar. Amma bu informasiyaların böyük əksəriyyəti Azərbaycandakı hərbi-psixoloji əhval-ruhiyyəyə bəzi hallarda mənfi təsir edəcək gücdə idi. Bu hadisələri siyasi mətbəxə gətirməkdən tutmuş, dini sektaların təbliğinə qədər geniş sosial-siyasi sferaya transfer etmək cəhdləri oldu. Ancaq dövlətimizin düzgün informasiya siyasəti sayəsində bunun qarşısı alınsa da, bu sahədə bəzi boşluqların olduğu da ortaya çıxdı. Əminliklə deyə bilərik ki, iştirakçısı olduğumuz müşavirədə qoyulan məsələlər akademik Ramiz Mehdiyevin səsləndirdiyi tövsiyə və fikirlər gələcəkdə ölkəmizin informasiya məkanının təhlükəsizliyini təmin edən paradiqmalar kimi çıxış edəcəkdir.

Məsələn, atəşkəsin pozulmasından bir gün sonra Azərbaycan informasiya məkanında belə bir informasiya dolaşmağa başladı ki, əsgərlərimiz səngərdə yatıblar və düşmən tərəfi, onları elə səngərdəcə məhv edib. Bu, düşünülmüş manipulyativ informasiya idi, Azərbaycanın informasiya məkanına sosial mediadan daxil oldu. Oradan daxil olmasının səbəbi həmin məkanda olan hüquqsuzluğun, məsuliyyətsizliyin nəticəsidir. İnformasiyanın ilkin mənbəyini isə heç kim dəqiq bilmir. Çünki həmin xaos məkanında informasiyanın mənbəyini müəyyənləşdirmək olduqca çətindir.

Əlbəttə, biz bilirik ki, informasiya müharibəsi anlayışı mövcuddur və bunu təmassız müharibə kimi səciyyələndirirlər. Ön cəbhədə atəşkəsin pozulması ilə, yəni şərti olaraq müharibənin başlaması ilə dərhal informasiya cəbhəsində də müharibə başladı. Bu zaman bəzi dini sektalar informasiya yaydılar ki, onların üzvləri ön cəbhəyə getmək üçün müvafiq qurumlara müraciət ediblər. Əslində isə, belə bir şey yox idi. Sekta özünü təbliğ edirdi.

Başqa bir tərəfdən, bəzi transmilli medianın Azərbaycandakı xidmətləri Dağlıq Qarabağdakı qondarma rejimi respublika kimi təqdim etdilər və qondarma Dağlıq Qarabağ rejiminin “müdafiə nazirliyinə” istinadla xəbərlər yaymağa başladılar (BBC). Halbuki, bu transmilli media Azərbaycanda çalışır və onun jurnalistləri də azərbaycanlılardır. Məsələ ondadır ki, dediyimiz homo informatikuslar olan həmin jurnalistlər, məhz bu transmilli medianın davamı kimi çıxış etdilər. Burada onların idraki, əqli, milli və vətənpərvərlik keyfiyyətləri özünü göstərmədi. Çox təəssüf ki, həmin informasiya mənbələri bu gün də Azərbaycanda fəaliyyət göstərir. Bunlar olduqca təhlükəli tendensiyalardır. Yaxud, məşhur bir fransız media qurumu (Frans-PRESS) eyni şəkildə Dağlıq Qarabağ “Respublikasına” istinad edərək məlumat yayırdı. Balanslaşdırma üçünsə Azərbaycan Müdafiə Nazirliyinin məlumatlarını yayırdı. Halbuki, bu agentlik dünyada informasiya brendlərindən biri hesab edilir.

Belə olan halda, bir daha media və informasiya məkanında milli dövlətçilik maraqlarının qorunması məsələsi aktuallaşır. Ona görə də informasiyaya olduqca həssas yanaşılmalıdır və ilk növbədə, informasiyanın mənbəyi dəqiqləşdirilməlidir, onun etibarlılığı yoxlanılmalıdır və Azərbaycan informasiya məkanı üçün məqbul, yoxsa qeyri-məqbul informasiya olması məsələsi müəyyənləşdirilməlidir.

Əlbəttə ki, hər bir demokratik cəmiyyətdə, o cümlədən Azərbaycanda informasiya, söz və mətbuat azadlığı var. Amma eyni zamanda, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da yerli informasiya məkanının və Azərbaycan xalqının təhlükəli informasiyalardan qorunmaq hüququ var. Çox təəssüf ki, bəzi media orqanları, xüsusən də, sosial medianı təmsil edən jurnalistika bu barədə düşünmür. Əldə etdikləri, yaxud onlara ötürülən informasiyanı filterizə etmədən, mexaniki olaraq Azərbaycan cəmiyyətinə ötürürlər. Bu isə, dediyimiz kimi, müxtəlif fəsadlara gətirib çıxarır.

Başqa bir məsələ ondan ibarətdir ki, 7-8 gün davam edən hadisələr dövründə sosial mediada görünməyən, əvvəllər olmayan, yaxud olduqca passiv olan xeyli sayda informasiya saytlarının aktiv fəaliyyətə keçməsinin şahidi olduq. Bunlar, əslində, dezinformasiya yayırdılar. Həm də bu informasiyalar Azərbaycanda hərbi özünəinamı azaldan, təslimçi əhval-ruhiyyə yaradan, Azərbaycanın milli təhlükəsizliyini təhdid edən informasiyalar olurdu. Məsələn, həmin saytlar yayırdılar ki, Ermənistan ordusu sürətlə irəliləyir, şiddətli hücuma keçib, hakimiyyət itkilərin sayını gizlədir və s. Belə informasiyalar düşünülmüş manipulyasiya idi.

Lakin bununla bərabər, sosial mediada başqa bir istiqamətdə də informasiyalar yayılırdı ki, bu da ilk baxışdan zərərli görünməsə belə, ən az dediyimiz dezinformasiyalar qədər təhlükəli idi. Məsələn, sosial mediada tez-tez xəbərlər yayılırdı ki, Ağdamın iki kəndi işğaldan azad edilib, ordumuz Ağdam və Füzuli istiqamətlərində sürətlə irəliləyir. Hətta, bir qədər sonra Ağdam və Füzulinin erməni işğalından azad olunması haqqında məlumat yayılmağa başlandı. Bunu sosial media etdi.

Bunların hər ikisi təhlükəlidir. Birincisinin təhlükəsi aydındır. İkincisi isə xalqın ictimai ovqatı ilə oynayırdı və ona çox pis təsir göstərirdi. Düşünün ki, doğrudan da, torpaqlarımızın işğaldan azad olunmasını arzu edən Azərbaycan xalqı, nəhayət, öz arzusuna çatdığını hesab edir. Ancaq həqiqətdə isə bu medianın yaratdığı illüziyadır. Deməli, ictimai əhval ruhiyyə ilə manipulyasiya edilərək eyforiya həddinə qaldırılır və bunlar yalan olduqda isə ictimai depressiya baş verir. Təəssüf ki, sosial media bu barədə heç düşünmədi.

Biz bu iki nümunədə onun şahidi olduq ki, birincisi, Azərbaycan informasiya məkanına bilərəkdən, ikincisi, bilməyərəkdən romantikcəsinə manipulyativ informasiyalar ötürüldü və hər iki halda ictimai əhval-ruhiyyə ilə manipulyasiya edildi. Bax, bu iki əhval-ruhiyyənin arasında 7-8 gün ərzində Azərbaycanın ictimai əhval-ruhiyyəsi ciddi çalxalanmalara məruz qaldı. Əlbəttə ki, bunlar yolverilməzdir.

Bütövlükdə isə, ədalət naminə qeyd etmək lazımdır ki, Azərbaycanın çap mediası və radio-televiziya məkanı agentliklərin və Müdafiə Nazirliyinin rəsmi xəbərlərinə istinad etməklə bu bir neçə günlük imtahandan üzüağ çıxdılar. Baxmayaraq ki, bəzi hallarda Azərbaycanın rəsmi çap mediası və teleradio məkanını operativ informasiya ötürməməkdə ittiham etdilər. Əslində isə, bu mövqe doğru idi. Belə vəziyyətdə artıq operativlik yox, etibarlılıq lazım idi və Azərbaycanın klassik mediası bu etibarlılıq testlərindən uğurla keçdi.

Qeyd etmək lazımdır ki, vətəndaş jurnalistikasının, yaxud sosial medianın hansısa formada hüquqi tənzimlənməsinə böyük ehtiyac var. Beynəlxalq təcrübədən bilirik ki, artıq dünyanın aparıcı ölkələrində kibercinayətkarlığın qarşısını almaq üçün kiberpolis mövcuddur. Kiberməkan var, kibercinayətkarlıq var, informasiya ilə manipulyasiya var və bu da bir növ qanun pozuntusudur. Kiberməkanda münasibətləri formalaşdıran hüquq da olmalıdır. Hazırda belə bir hüququn yaranmasına ehtiyac var. Belə olarsa, Azərbaycanda sosial media və vətəndaş jurnalistikası da məsuliyyət hiss edərək davranışlarını tənzimləyə bilər. Bu, Azərbaycanda dövlət mənafeyinin və milli maraqların təmin olunması baxımından olduqca əhəmiyyətlidir.

Ona görə də, akademik Ramiz Mehdiyev haqlı olaraq bildirdi ki, dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar dövlət sirri kateqoriyasına şamil edilir və onların ictimailəşdirilməsi qanuna müvafiq məsuliyyət yaradır. Beynəlxalq praktikada belə hallarda qanunvericiliyin tələblərinə uyğun sanksiyaların tətbiq olunduğunu diqqətə çatdıran akademik Ramiz Mehdiyev qeyd etdi ki, “formasından və məzmunundan asılı olmayaraq, Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə istənilən qəsdə və ya qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini və milli maraqlarını təhdid edən hallara qarşı hüquqi çərçivədə zəruri addımlar atılmalıdır və xəbərdarlıq edirəm ki, bundan sonra da atılacaqdır.” Tamamilə yerində səsləndirilən bu fikirlər hər bir media nümayəndəsinə vətəndaşlıq məsuliyyətini və vətəndaşlıq vəzifələrini xatırladan önəmli xəbərdarlıq idi.

Bütövlükdə, müşavirə bir daha Azərbaycan mediasının üzərinə böyük bir tarixi məsuliyyətin düşdüyünü diqqətə çatdırmaqla söz və mətbuat azadlığından Azərbaycanın milli maraqlarının təmin olunması üçün istifadə olunma zərurətini ortaya çıxardı. Eyni zamanda, akademik Ramiz Mehdiyevin çıxışından sonra bəlli oldu ki, doğrudan da, mediada, xüsusən də sosial mediada bir sıra münasibətlərə yenidən baxılmasına və hüquqi tənzimlənməsinə ehtiyac vardır. Hesab edirik ki, bu, Azərbaycan internet mediasının inkişafına xüsusi istiqamət verməklə bərabər, burada bir məsuliyyət mühitinin yaranmasına səbəb olacaqdır.

Beləliklə, görünən odur ki, akademik Ramiz Mehdiyevin söylədiyi kimi, Azərbaycanın müasir inkişafı, güclü və yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilməsi, regionda aparıcı rolu, qlobal siyasətdə, beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirdiyi fəallıq müəyyən xarici qüvvələri, antiazərbaycançı mərkəzləri, xüsusilə də Ermənistanı, erməni lobbisini və onun maraqlarını təmsil edən ayrı-ayrı dairələri ciddi narahat edir. Azərbaycanın mövcud tolerant mühitindən, ölkədəki demokratik ab-havadan, hakimiyyətin humanist siyasətindən sui-istifadə edən bu dairələr və bəzi daxili qruplar cəmiyyəti milli maraqlardan sapdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, ölkəmizin əldə etdiyi mühüm uğurları ləkələmək üçün ciddi səy göstərirlər. Lakin müxtəlif xarici bədxahlarımızın və onların nəzarətində olan daxili qrupların təxribatçı fəaliyyəti heç zaman Azərbaycanda hakimiyyəti öz iradəsindən, müstəqil siyasətindən çəkindirməyəcək, cəmiyyəti müəyyən olunmuş inkişaf yolundan, strateji seçimindən geri döndərməyə nail olmayacaqdır. Bundan sonra da Azərbaycanın milli maraqlarına və qanunvericiliyinə zidd fəaliyyətə görə müvafiq ölçü götürüləcəkdir.

Əminliklə deyə bilərik ki, iştirakçısı olduğumuz həmin müşavirədə qoyulan məsələlər akademik Ramiz Mehdiyevin səsləndirdiyi tövsiyə və fikirlər gələcəkdə ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təminatçısı olan paradiqmalar kimi çıxış edəcəkdir.

Hikmət BABAOĞLU,
siyasi elmlər doktoru


Müəllif:

Oxşar xəbərlər