30 Oktyabr 2014 10:47
1 413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev: “Dünya ictimaiyyəti terrorizmə, separatizmə qarşı birgə mübarizə aparmalı, ədalətli mövqe ortaya qoymalıdır”

Bakıda Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumun rəsmi açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib və nitq söyləyib.

“Azərbaycanda çoxsaylı xalqlar tolerant şəraitdə yaşayır”

Prezident bildirib ki, Gənclər Siyasəti üzrə Birinci Qlobal Forum bizim üçün çox əhəmiyyətli tədbirdir: “İlk gənclər forumunun Azərbaycanda keçirilməsi bizim ölkəmiz üçün çox mühüm hadisə və böyük şərəfdir. Əlbəttə, gələcəkdə daha çox forumlar keçiriləcək, lakin bu forum tarixdə qalacaq. Biz forumun keçirilməsi üçün Azərbaycanı seçdiklərinə görə təşkilatçılara minnətdarıq. Biz buna hökumətimizin gənclər və idman siyasəti, ölkənin fəal inkişafı ilə bağlı fəaliyyətdə göstərdiyi səylərin tanınması kimi baxırıq”.

Dövlət başçısı deyib ki, gənclər siyasəti, incəsənət və mədəniyyət bir-biri ilə əlaqəlidir. O bildirib ki, Azərbaycanda gənclər siyasəti ilə bağlı iki dövlət proqramı həyata keçirilib, Gənclər Fondu yaradılıb: “Gənclər Fondu təhsil, sağlamlıq və digər sahələrlə gənclər təşkilatlarının, gənclərin təşəbbüsünü dəstəkləyir”.

Prezident İlham Əliyev bildirib ki, neft, qaz yox, təhsil, insan kapitalı cəmiyyətin, dövlətin inkişafında əsas rol oynayır: “Azərbaycan hökuməti uzun illərdir gənclərimizin xaricdə nüfuzlu ali məktəblərdə təhsil alması istiqamətində proqram həyata keçirir. Azərbaycan universitetlərinin dünyanın nüfuzlu universitetləri ilə əlaqə yaratmasına çalışırıq”.

Dövlət başçısı Azərbaycanda idmanın inkişafına da xüsusi diqqət ayrıldığını vurğulayıb. Olimpiya idman növlərində qazanılan uğurlardan söz açan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda yeni idman obyektləri tikilir, gənclər arasında idmanın inkişafı stimullaşdırılır: “Sağlam həyat tərzi uğurun əsasında durur, alkoqolizm və digər zərərli vərdişlərlə mübarizədə mühüm rol oynayır. Gələn il Azərbaycanda ilk Avropa Olimpiya Oyunları keçiriləcək, bu, tarixi hadisədir. Gələn il Avropa Olimpiya Oyunları ilə bağlı Azərbaycana 6 min idmançı gələcək. Növbəti il şahmat üzrə çempionat keçiriləcək. 2017-ci ildə Azərbaycanda İslam Həmrəylik Oyunları keçiriləcək. Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Azərbaycan xalqların, sivilizasiyaların dialoquna xüsusi diqqət yetirir. Azərbaycanda çoxsaylı xalqlar tolerant şəraitdə yaşayır. Azərbaycanda sivilizasiyalararası dialoqlar keçirilib. Azərbaycan bu sahədə uğurlar əldə edib”.

Dövlət başçısı Azərbaycanın kosmosa peyk buraxdığını, ASAN Xidmət mərkəzlərinin istifadəyə verildiyini də nəzərə çatdırıb, bunların Azərbaycanın əldə etdiyi böyük uğurlar olduğunu qeyd edib.

“Bəzən bu qətnamələr bir neçə gündə yerinə yetirilir, bəzən isə kağız üzərində qalır”

Prezident bildirib ki, Azərbaycanın gözəl gələcəyi var: “Gənclərimiz bu gün sərhədlərimizi müdafiə edir, torpaqlarımızı işğalçılardan qoruyur. Ermənistanın işğalçılıq siyasətindən gənc azərbaycanlılar da ziyan çəkib”.

Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır və Azərbaycan xalqı əsrlərlə bu torpaqda yaşayıb: “Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, 1 milyon insan qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub. Xocalıda soyqırımı törədilib, 600 nəfər uşaq, qadın və yaşlı insan qətlə yetirilib”.

BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad olunması barədə 4 qətnamə qəbul etdiyini xatırladan prezident qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq təşkilatların qərar və qətnamələrinə əsaslanmalı, xüsusilə, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir. Prezident deyib ki, bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində yerinə yetirilir, bəzən isə kağız üzərində qalır: “Biz görürük ki, bəzi hallarda qətnamələr bir neçə gün ərzində yerinə yetirilir. Bizimlə bağlı qətnamələr isə 20 ildən artıqdır ki, hələ də kağız üzərində qalır”.

Dövlət başçısının sözlərinə görə, analoji qərarlar Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyən ATƏT, Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilir. İlham Əliyev qeyd edib ki, münaqişənin həllinin beynəlxalq hüquq normalarına və Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanması üçün daha səylə işləmək lazımdır. Prezident Azərbaycan vətəndaşlarının Dağlıq Qarabağa və işğal olunmuş ərazilərdəki doğma yurdlarına qayıdacaqlarına əmin olduğunu bildirib: “Beynəlxalq ictimaiyyət tərəfindən bizə yalnız bu məsələdə güclü dəstək verilmir. Bunun ən yaxşı göstəricisi Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi oldu və biz iki il ərzində - 2012-2013-cü illərdə Şuranın üzvü olduq. Biz beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti tərəfindən seçildik, 155 ölkə Azərbaycana səs verdi. Bu, ona görə bizim üçün xüsusilə vacibdir ki, Azərbaycan müstəqilliyinin cəmi 20 ili ərzində beynəlxalq birliyin üzvü oldu və biz 155 ölkənin belə güclü dəstəyinə nail ola bildik”.

“Dünya terrorizmə və separatizmə qarşı birgə mübarizə aparmalıdır”

Azərbaycanın beynəlxalq əlaqələrindən söhbət açan Prezident İlham Əliyev deyib ki, ölkəmiz beynəlxalq arenada böyük etibar qazanıb.

Dövlət başçısı bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu müddətdə beynəlxalq hüququ müdafiə edib: “Bu gün Yaxın Şərqdə, Şərqi Avropada və dünyanın digər hissələrində faciəli hadisələr, dəyişikliklər görürük. Ona görə də dünya ictimaiyyəti terrorizmə, separatizmə qarşı birgə mübarizə aparmalı, ədalətli mövqe ortaya qoyulmalıdır”.

Dünyanın Azərbaycanı regionda sabitlik faktoru kimi qəbul etdiyini söyləyən dövlət başçısının sözlərinə görə, Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə bir çox layihələr həyata keçirilir: “Sabitlik olmadan inkişaf mümkün deyil. Biz təcrid olunmuş adada yaşamırıq, qonşularımız var. Regional təhlükəsizliyə, əməkdaşlığa bu baxımdan yanaşırıq. Birgə əməkdaşlıq nəticəsində biz maksimum uğurlar qazanmısıq. Enerji resursları ilə bağlı layihələr üzrə tərəfdaşlıqdan hər kəs qazanıb. Azərbaycan müstəqillik qazanan dövrdə iqtisadiyyat çökmüşdü, torpaqlarımız işğal olunurdu. Ötən dövr ərzində iqtisadi islahatlar həyata keçirilib, iqtisadi inkişafa, sabitliyə nail olunub. İqtisadi uğurlar ölkəmizin iqtisadi və siyasi müstəqilliyini təmin etməyə imkan verib. Bir çox ölkələr iqtisadi baxımdan asılı olduqları üçün siyasi baxımdan da asılıdırlar”.

“Populist vədlər verən siyasətçilər xalqları üçün problemlər yaradırlar”

“Siyasətçilər məsuliyyətli olmalıdır”, - deyən Prezident İlham Əliyev populist vədlər verən siyasətçilərin xalqları üçün problemlər yaratdığını vurğulayıb: “Siz gənclər gələcəyin siyasətçilərisiniz. Seçkilərdə siyasətçilər müxtəlif vədlər verir, maaşları, pensiyaları artıracaqlarını bildirirlər. Seçiləndə isə bu vədləri yerinə yetirməlidirlər. Vədləri yerinə yetirmək üçün beynəlxalq maliyyə təşkilatlarından maliyyə alırlar. Bu borc isə ölkələri ağır duruma salır, nəticədə iş yerlərinin, pensiyaların, maaşların azaldılmasına gətirib çıxarır. Ona görə də siyasətçilər reallıqdan çıxış etməlidirlər. Bu halda investorları ölkəyə cəlb etmək olar”.

Plenar iclasda deyilənlər

Rəsmi açılış mərasimindən sonra Gənclər Siyasəti üzrə Birinci Qlobal Forum işini plenar iclasla davam etdirib.

“Müasir gənclər siyasətinin əsas tərkib hissələri: Ümumi meyarların araşdırılması” mövzusunda keçirilən iclasda gənclərin üzləşdikləri problemlərin həlli yolları, cəmiyyətin ictimai-siyasi həyatında onların fəallıqlarının artırılması ilə bağlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Avropa Şurasının eksperti, Cənubi Uels Universitetinin professoru Hovard Vilyamson çıxış edərək gənclərin innovativ proseslərdə iştirakı, xüsusilə, onların müasir informasiya-kommunikasiya texnologiyaları ilə işləmək bacarığı məsələlərindən danışıb. Ayrı-ayrı ölkələrin gəncləri arasında təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini qeyd edən H.Vilyamson onların inkişafına, öz potensiallarını üzə çıxarmağa kömək edən milli proqramların həyata keçirilməsinin önəmini vurğulayıb.

Zambiyanın Gənclər və İdman Nazirliyinin nümayəndəsi Maşuka Kakua ölkəsində həyata keçirilən gənclər siyasəti, gənclərin problemlərinin həlli, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakı istiqamətində görülən işlərdən söhbət açıb.

Meksika Gənclər İnstitutunun baş direktorunun müavini Berenika Alkalde Kastro milli institutların gənclərin problemlərinin həllində, onların təşkilatlanmasında, müxtəlif layihələrin həyata keçirilməsində oynadığı rol barədə danışıb.

Tunisin gənclər və idman üzrə sabiq dövlət katibi, müstəqil gənclər siyasəti üzrə ekspert Fethi Tuzri son illər ölkəsində baş verən hadisələrin bir çox sahələrdə problemlər yaratdığını, bu problemlərdən gənclərin də əziyyət çəkdiklərini bildirib. O, hazırda bu çətinliklərin aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlər haqqında məlumat verib.

ABŞ-ın Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin gənclər, inkişaf və təhlükəsizlik təşəbbüsləri bölməsinin rəhbəri Nikol Qoldin gənclərə qayğı göstərilməsi, cəmiyyətdə onların təşəbbüskarlıqlarının artırılması ilə bağlı məsələlərə dövlət tərəfindən daha çox diqqət yetirilməsinin önəmli olduğunu bildirib.

Sakit Okean ölkələri Gənclər Şurasının əlaqələndiricisi Tarusila Bradburq müxtəlif ölkələrlə gənclər siyasəti üzrə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətindən söhbət açıb.

Afrikanın Gənclər Siyasəti üzrə Araşdırmalar Mərkəzinin nümayəndəsi Lorens Ndambuki Muli gənclərin daha çox yaradıcı işlərə cəlb olunmalarının təşviqi, onların ictimai-siyasi fəallıqlarının artırılması istiqamətində müxtəlif proqramların həyata keçirilməsinin zəruriliyini qeyd edib.

Forum işini müxtəlif mövzular üzrə sessiyalarla davam etdirib.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər