18 Dekabr 2014 10:30
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlham Əliyev: "İndi neftin qiyməti çox aşağı düşüb. Azərbaycanda bir adam bunu hiss edibmi? Xeyr, hiss etməyəcək"

"ASAN xidmət"i yaradanda biz qarşımıza bir neçə məqsəd qoymuşduq. Onların hamısı bizim üçün vacibdir. Onların reallaşması ölkəmizi daha da sürətlə inkişaf etdirməyə imkan verəcək. İlk növbədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə "ASAN xidmət" vasitəsilə müsbət həllini tapmaqdadır".

Bunu dekabrın 16-da Sabirabadda, Heydər Əliyev Mərkəzində ASAN Könüllülərinin I Ümumrespublika Forumunun açılış mərasimində çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, bu təcrübə bütün başqa sahələrdə də tətbiq edilməlidir ki, Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılsın: "Mən bu məsələlərlə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Azərbaycan dövləti bu sosial bəlanı aradan götürmək üçün böyük səylər göstərir. Ancaq biz görürdük ki, bəzi hallarda cəza tədbirləri, inzibati tədbirlər kifayət deyil. Belə olan halda sistem xarakterli, institusional tədbirlərin görülməsinə də böyük ehtiyac var idi. Biz bu işlərə çox ciddi yanaşırıq və "ASAN xidmət" burada nadir bir vasitədir. "ASAN xidmət"də korrupsiya, rüşvətxorluq yoxdur və bu, onu deməyə əsas verir ki, hər bir sahədə belə bir sistem yarana bilər".

"Xalqla iqtidar arasındakı birlik bizim uğurlarımızın əsas dayağıdır"

Prezident İlham Əliyev qeyd edib ki, "ASAN xidmət"in təcrübəsi indi başqa sahələrə köçürülür, orada da tətbiq ediləcək: "Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir. Çünki şəffaflıq olmadan biz heç bir islahatı apara bilmərik və nə iqtisadi, nə siyasi cəhətdən ölkə sürətlə inkişaf edə bilməz. Eyni zamanda, hər bir ölkənin uğurlu inkişafı üçün gərək cəmiyyət də aparılan siyasətə dəstək versin, xalqla iqtidar arasında birlik olsun. Biz görürük ki, harada bu birlik pozulur, ölkələr böyük problemlərlə, fəlakətlərlə üzləşirlər. Bu, bizim gözümüzün qabağında baş verən hadisələrdir. Azərbaycanda xalqla iqtidar arasındakı birlik bizim uğurlarımızın əsas dayağıdır və bu birliyi biz daim möhkəmləndirməliyik. Bunu etmək üçün, əlbəttə ki, insanların yaşayış səviyyəsi daha da yaxşı, ölkənin beynəlxalq nüfuzu daha da güclü olmalıdır. Ölkə elə inkişaf etməlidir ki, hər bir vətəndaş Azərbaycan vətəndaşı olmağı ilə fəxr etsin. Eyni zamanda, cəmiyyətdə xoşagəlməz hallara yol verilməməlidir və biz bu məqsədə çatmaq üçün bundan sonra da öz səylərimizi göstərəcəyik".

Dövlət başçısı qeyd edib ki, "ASAN xidmət" korrupsiyaya və rüşvətxorluğa qarşı institusional tədbirlər arasında xüsusi yer tutur: "Əminəm ki, əgər başqa ölkələrdə bu təcrübə tətbiq olunarsa, onlar da bunun müsbət cəhətlərini tezliklə görəcəklər. "ASAN xidmət", eyni zamanda, insanların rahatlığı üçün yaradılmış bir xidmətdir. Təsadüfi deyil ki, adı da asandır".

"İnsanlar burada vaxt itirmədən, heç bir bürokratik əngəllə üzləşmədən öz haqlarını tələb edirlər və alırlar. İstənilən sənədi dəqiqələr ərzində əldə edə bilirlər. "ASAN xidmət", eyni zamanda, xidmətlərin mədəni şəkildə göstərilməsində də nadir bir təcrübədir. Sirr deyil, təbii ki, siz gənclər yəqin, bunu xatırlamırsınız, ancaq sovet dövrünün əlamətlərindən biri də bürokratiya və insanlara bəzi hallarda ictimai qurumlar tərəfindən qeyri-normal münasibət idi. Biz 23 ildir ki, müstəqil dövlət kimi yaşayırıq, ancaq hələ də o dövrün bütün fəsadlarını aradan götürə bilməmişik",-deyə prezident İlham Əliyev bildirib.

Prezident İlham Əliyev burada həm psixoloji məsələlərin ortaya çıxdığını, eyni zamanda, müəyyən təcrübənin də öz mənfi rolunu oynadığını qeyd edib: "Ona görə "ASAN xidmət"də olan xidmət növləri və eyni zamanda, xidmətə olan yanaşma tam fərqlidir. Bu, belə də olmalıdır. Azərbaycan vətəndaşları hər yerdə hörmətlə qarşılanmalıdırlar, xüsusilə, dövlət orqanları tərəfindən. Onlara yuxarıdan aşağı baxılmamalıdır, onların haqları tapdalanmamalıdır. Onları dövlət məmurları incitməməlidirlər. Onlardan əsassız tələblər istəməməlidirlər. Bax, bu prinsiplər əgər tam şəkildə bərqərar olarsa, onda, əlbəttə ki, bizim işimiz daha da sürətlə gedəcək".

Dövlət başçısının sözlərinə görə, "ASAN xidmət"də yaradılmış sistem belədir ki, burada insanlara böyük hörmətlə yanaşılır və hər şey ədalətli şəkildə həllini tapır: "Çünki bəzi hallarda indi məişətdə də görürük ki, ədalət pozulur, hətta indi bəzən elə hallar olur ki, kimsə növbəsiz qabağa keçmək istəyir, ancaq burada bu, mümkün deyil. Hər şey ədalətli, növbə ilə, şəffaf, təmiz. Heç kim deyə bilməz ki, kimsə məndən qabağa düşdü və kimsə məndən daha da yaxşı münasibət gördü. Bəli, xidmətlər sahəsində əldə edilmiş dönüş "ASAN xidmət"in böyük uğurudur".

"Hər bir insan bu gün qürur hissi ilə deyə bilər ki, mən Azərbaycan vətəndaşıyam"

İndi Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində dünya miqyasında tanınır. Azərbaycan indi kosmik sənayeyə malik olan bir ölkədir. İndi bizim iki peykimiz var. İkinci peyk bizə bu yaxınlarda təhvil verilib və dünyada cəmi iyirmi ölkədə belə peyklərdən var. Onlardan biri Azərbaycandır. Eyni zamanda, bizim gənclərimiz Vətənə bağlı, vətənpərvər olmalıdırlar və mən şadam ki, bu, belədir. Bizim gənclərimiz əsl vətənpərvər gənclərdir. Fəxr edirlər ki, Azərbaycan vətəndaşlarıdırlar və həqiqətən də vətəni sevən hər bir insan bu gün qürur hissi ilə deyə bilər ki, mən Azərbaycan vətəndaşıyam. Çünki Azərbaycan dünya miqyasında nadir inkişaf, transformasiya, islahatlar təcrübəsinə malik olan bir ölkədir. Bizim təcrübəmiz öyrənilir. Son illər ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb".

Prezident İlham Əliyev qeyd edib ki, gənc, müstəqil dövlət olmasına baxmayaraq, Azərbaycan dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçilib: "Bu il Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etmişik. Azərbaycanın çox böyük beynəlxalq nüfuzu var. Etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın güclü iqtisadi dayaqları, güclü ordusu var. Ordumuz bu gün dünya miqyasında güclü ordular sırasındadır. Azərbaycanda ictimai-siyasi vəziyyət çox müsbətdir, iqtisadi və siyasi vəziyyət sabitdir. Amma bizim ətrafımızda hər tərəf demək olar ki, qaynayır, alovlanır, qanlı toqquşmalar, müharibələr, böhranlar hökm sürür".

"Həm iqtisadi gücümüz, düşünülmüş siyasətimiz, eyni zamanda, sosial siyasətimiz var"

"İndi neftin qiyməti çox aşağı düşüb. Azərbaycanda bir adam bunu hiss edibmi? Xeyr, hiss etməyəcək. Çünki bizim çox güclü iqtisadi dayaqlarımız var. Manatın məzənnəsi sabitdir və bu, onu deməyə əsas verir ki, həm iqtisadi gücümüz, düşünülmüş siyasətimiz, eyni zamanda, sosial siyasətimiz var. İndi manatın məzənnəsinin sabit olması bəlkə də bizim ixrac potensialımız üçün o qədər də müsbət hal deyil. Ancaq bu, sosial məsələdir. Belə də olmalıdır".

Bunu da forumdakı çıxışı zamanı Prezident İlham Əliyev deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan doğrudan nadir inkişaf modelini ortaya qoyur və öz təcrübəsini bölüşməyə hazırdır: "Ona görə hər bir gənc haqlı olaraq fəxr edir və fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Hər bir gənc çalışmalıdır ki, ölkəmiz daha da möhkəmlənsin, daha da güclü olsun, bizim təsir imkanlarımız artsın. Hər bir gənc milli köklərə, milli ənənələrə, bizim adət-ənənələrə bağlı olmalıdır. Xarici təsirdən azad olmalıdır. Biz dünyanın müsbət təcrübəsini onsuz da Azərbaycanda tətbiq edirik, nə lazımdırsa, onu edirik. Mən çox istəyirəm və əminəm ki, belə də olacaq, çünki bugünkü reallıq da belədir".

"Heç kimin diktəsi ilə oturub durmuruq və oturub durmayacağıq"

Prezident İlham Əliyev Azərbaycanın öz yolu, müstəqillik yolu ilə getdiyini vurğulayıb: "Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində olmuşuq. Azad, müstəqil olmamışıq. Nə üçün bizim xalqımız azad, müstəqil yaşaya bilməz? Biz 23 ildir ki, müstəqilik. Bu, böyük xoşbəxtlikdir. Bu, ən böyük sərvətimizdir. Ancaq bu müstəqillik, eyni zamanda, siyasi müstəqilliklə də tamamlanmalıdır və bu gün bu, Azərbaycanda var. Biz müstəqil siyasət aparırıq. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Biz heç kimin diktəsi ilə oturub durmuruq və oturub durmayacağıq. Öz sözümüzü daim açıq deyəcəyik və prinsipial mövqeyimizi nümayiş etdirəcəyik. Həmişə də belə olmalıdır. Siz də bu ruhda böyüməlisiniz, tərbiyə almalısınız ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməsin və Azərbaycan inkişaf, azadlıq, müstəqillik yolu ilə getsin".

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər