16 Avqust 2017 14:44
1 534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com dünən keçirilən “Qarabağ”-“Kopenhagen” oyununda yeganə qələbə qolunu vurmuş Mahir Mədətovla müsahibəni təqdim edir.

- Mahir bəy, oyundan əvvəl qol vuracağınızı düşünürdünüzmü?

- Düzü, gözləmirdim, amma inanırdım ki, “Qarabağ” qalib olacaq. Qalibiyyəti mənim gətirəcəyimsə ağlıma gəlmirdi. Komandamız qələbə qazananda sevinirdim, amma qol vurmağım mənə tamam başqa sevinc yaşatdı.

Topu rəqib komandanın qapısına göndərdikdən sonra stadionda dərin uğultu eşitdim. Əslində, azarkeşlər qola normal reaksiya verdilər. Sadəcə, mən qol vurduğuma inanmadım.

Baş hakimə baxdıqda qolun hesaba alındığına əmin oldum. Bu, Çempionlar Liqasının mövsümdə birinci qolu idi. Yəni önəmli qol idi. Onu da deyim, oyun elə bir oyun idi ki, qolu kimin vurması o qədər də önəmli deyildi. Əsas komandanın qələbəsi idi.

- Təvazökarlıq edirsiz...

- Uğur əldə etmək istəyiriksə, sadəliyimizi həmişə qoruyub saxlamalıyıq. Artıq eyforiyadan çıxmalıyıq, hər şeyi bir kənara qoymaq lazımdır. Dünəndə ilişib qalmaq olmaz. Qarşıda yeni görüşlərimiz var. O oyunlara hazırlaşmalıyıq. Dünənki qolun təəssüratından çıxmalıyıq, yoxsa arxayınlıq yaranar.

- Komanda yoldaşlarınızın reaksiyası necə oldu?

- Əsas məqsəd qələbə idi, onu da bacardıq. Ümumiyyətlə, komanda o zaman əsl komanda olur ki, ayrı-ayrı fərdlərə bölünmür. Qolu mən yox, bir başqa oyunçumuz vursaydı, biz yenə də eyni reaksiyanı verəcəkdik.

- Bu qol taktiki planın bir parçası idimi?

- Oyundan əvvəl müəyyən taktikalar olur. Planlar qurulur, kimin hansı öhdəliyi yerinə yetirəcəyi müəyyənləşdirilir. Lakin qolu kimin vuracağını öncədən planlamaq mümkün deyil.

- Növbəti görüşə hazırlıqlar necə gedir?

- Artıq məşqlərə başlamışıq. Bu gün səhərdən məşq edirik. Cavab görüşünün dünənki oyundan da çətin olacağını düşünürəm. Bildiyiniz kimi, cavab oyunu avqustun 23-də keçiriləcək. Lakin bizim 19-da daxili çempionatda da görüşümüz var, “İnter”lə qarşılaşacağıq. İndi məhz bu görüşə köklənirik. Bu oyun da çox vacibdir.

Səfər matçında azarkeş sıxıntısı yaşaya bilərik. Dünənki qədər “Qarabağ” qışqıran, bizi dəstəkləyən olmayacaq. Amma bu bizə təsir etməməlidi.

Əslində, yalnız bir qolla qalib gəlmək böyük üstünlük deyil. Buna görə çalışıb 2-3 qol vurmalıyıq. Qapımızdan qol buraxmağı isə ağlımıza da gətirməməliyik.

- Sizə oyunqabağı stimul verən kimsə oldumu?

- Fasiləsiz hazırlıq mərhələsində idik. Ancaq həmin gün səhər ailəmlə sağollaşanda atam mənə dedi ki, özünü göstər, qoy bilsinlər ki, Mahir Mədətov kimdir! Bu söz mənə çox güclü təsir etdi. Şükür, ümidləri doğrulda bildim.

- Futbolçu olmaq öz arzunuzdumu?

- Mən 5 yaşından futbolla məşğulam. Amma atam, ailəm futbola getməyimi istəmirdilər. Futbola gedənlərin tez-tez ayaqlarını, qollarını sındırdıqlarını düşünür, futbolu ümumiyyətlə ən problemli idman sahəsi sayırdılar.

Məni futbola nənəm yazdırdı. Mən istədim, nənəm də heç kimə qulaq asmadı və məni arzularımın dalınca göndərdi. Qısacası, futbola öz istəyimlə gəlmişəm.


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər