Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2024-ə olan maraq gözləntiləri üstələyib. 13-15 sentyabr tarixlərində keçiriləcək yarışa bütün tribuna biletləri satılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasının məlumatına bildirilib.
Qeyd edilib ki, azarkeşlərin böyük marağı səbəbindən bu il Bakı yarışının 8 tribunasına "Zəfər" və "Qız Qalası" tribunaları əlavə edilib. Yarış tribunalarının ümumi tutumu ötən ilə nisbətdə 35 faiz artırılıb.
"Builki yarış yalnız azarkeşləri deyil, bütün dünyanın diqqətini yenidən Bakıya yönəldəcək. Azərbaycan Qran Prisi azarkeşlərə təkcə bolidlərin səs-küyünü deyil, həm də xüsusi əyləncə proqramları ilə dolu bir həftəsonu vəd edir. Dörd günlük bilet sahibləri yarışı izləməklə yanaşı Pit zolağı gəzintisi və 13-14 sentyabr tarixlərində baş tutacaq dünya ulduzlarının konsert proqramlarında iştirak edirlər.
Formula 1 Azərbaycan Qran Prisi Bakı küçələrində daha bir möhtəşəm rəqabətə hazırlaşır. Əvvəlki qaliblərdən hər hansı biri Bakı yarışında təkrar qalib ola biləcəkmi, yoxsa yeni qalib gözlənilir? Bu suala məhz sentyabrın-15-də cavab tapacağıq", - məlumatda vurğulanıb.