24 Oktyabr 23:57
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın oyunlarında hakimlər niyə bu cür davranır anlaya bilmirəm.

Teleqraf.com xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasında Niderlandın "Ayaks" komandasına qarşı baş tutan oyundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis 0:3 hesabı ilə məğlub olduqları matçda hakim idarəçiliyi barədə danışıb:

"Futbolçularımız bəsit vərəqə alarsa günah özündədir. Biz bununla bağlı oyunçu ilə söhbət aparacağıq. Amma hər xırda şeyə görə oyunu saxlayıb, vərəqə göstərmək yersiz idi. Əgər belə olacaqsa, onda gərək biz futbol oynamaq. Julio Romanun qırmızı vərəqə aldığı epizodda ilk öncə rəqib oyunçu futbolçumuzu itələyirdi. Kevin Medina penaltiyə səbəb olubsa, ikinci hissədə niyə Juninyo cərimə meydançasında yerdə qalarkən onbir metrlik cərimə təyin olunmadı. Çünki rəqib futbolçumuzu iki əllə itələmişdi. "Qarabağ"ın oyunlarında hakimlər niyə bu cür davranır anlaya bilmirəm".

Q.Qurbanov hakim idarəçiliyi ilə bağlı heç bir şikayət etməyəcəklərini bildirib:

"Oyun başa çatdıqdan sonra baş hakimin qərarları ilə bağlı şikayət etmək, mənasızdır. Çünki əvvəllər 1-2 dəfə bu cür cəhdlər etsək də, istəyimiz nəticə vermədi. Düşünürəm ki, bu cür qərarlar böyük komandalara qarşı tədbiq olunmazdı. Biz "Qarabağ" komandasıyıq deyə belə qərarlar olur. Hakimlik barədə çox danışmaq istəməsəm də, məcbur qaldım".

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" görüşünü şotlandiyalı baş hakim Nikolas Uolş idarə edib. Qonaqların 3:0 hesabı ilə qələbə qazandığı matçda Ağdam təmsilçisinin iki futbolçusu - Julio Romao və Elvin Cəfərquliyev qırmızı vərəqə alaraq meydandan qovulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər