9 Avqust 2016 13:47
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşündən sonra bir sıra iqtisadi layihələr gündəmə gəlib. Həmin layihələrdən biri Bakıda vertolyot mərkəzi və təyyarəqayırma zavodu, digəri Neftçala Sənaye Məhəlləsində Azərbaycanla İran arasında avtomobil istehsalı üzrə birgə müəssisənin təməlinin qoyulmasıdır.

Layihələri iqtisadçı ekspert Natiq Cəfərli Teleqraf.com-a şərh edib.

Natiq Cəfərli deyir ki, Azərbaycanda təyyarə zavodunun açılması ehtimalı varsa, bu, müsbət məsələdir: “Sadəcə, ölkəmizdə detalların istehsalı üçün şərait və mütəxəssis yoxdur. Çox güman ki, Rusiya ərazisindən gətirilmiş müəyyən hissələrin, detalların Azərbaycanda yığılması ilə bağlı bir layihə olacaq. Bunun özü də normal və perspektivi olan layihədir. Onlarla insan iş yeri tapacaq və bu, ölkə iqtisadiyyatına müsbət təsir edəcək”.

Azərbaycanın istehsalda passiv iştirakı məsələsinə təəssüflənən ekspert bunun mütəxəssis çatışmazlığı səbəbindən mümkünsüz olduğunu deyir və hesab edir ki, Azərbaycan vəziyyətdən istifadə edərək ölkəmizdə mütəxəssis yetişdirməyə çalışmalıdır: “Gələcəkdə öz mütəxəssislərimizin həmin təyyarələrə yarayan müəyyən detalları, hissələri istehsal etməsi üçün bir proses başladılsa, böyük bir irəliləyiş olar.

Günü bu gün mütəxəssis yetişdirməyə başlasaq və yerli detalların istehsalı haqqında düşünsək, ən azı 5-8 il vaxt lazımdır ki, hər hansı bir detal ölkəmizdə istehsal olunsun”.

Natiq Cəfərli deyir ki, Neftçala avtomobil zavodun açılması müəyyən sayda iş yerinin yaranmasına səbəb olacaq ki, bu da müsbət haldır: “Zavodun açılması zamanı yeni iş yerləri yaranacaq. Amma işsiz insanların sayının azalmasına ciddi təsir göstərəcəyi bir o qədərdə inandırıcı deyil. Naxçıvandakı zavodun təcrübəsi baxdığımız zaman məlum olur ki, orada yaxşı halda 700-800 avtomobil istehsal olunur, orada təxminən 80-ə yaxın texniki işçilər çalışır”.

Qeyd edək ki, Neftçala Sənaye Məhəlləsində Azərbaycanın “Azevrocar” MMC şirkətinin İranın “İran Khodro” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə avtomobil istehsalı zamanı ildə 10 min ədəd avtomobil istehsal olunacaq zavodda 300 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Layihənin dəyəri 15 milyon ABŞ dollarıdır.

İqtisadçının sözlərinə görə, təməli qoyulan zavodda avtomobil hissələrinin xaricdən gətirilib yığılması reallaşdırılacaq: “Şamaxıda İran avtomobil istehsalçıları ilə belə bir təcrübə olub. Xaricdən detalları gətirilərək “AzSamand”, Naxçıvanda “Naz Lifan” avtomobilləri yığılır. Yeni açılan zavodda da elə olacaq. Yəni zavodun istehsal gücü olmayacaq”.

Natiq Cəfərli əlavə edib ki, Azərbaycanda detalların xaricdən gətirilib avtomobil yığılması üsulu ətraf bazarda özünə yer tutması şübhə altındadır: “Bunun yeganə üstünlüyü ondan ibarət olacaq ki, detalları xaricdən gətirərək Azərbaycanda yığarkən, həmin ölkələrdə istehsal olunan avtomobillərin analoqundan ucuz başa gələcək. Ən azından ona görə ki, gömrük rüsumu tətbiq olunmayacaq. Çünki detallara gömrük rüsumu tətbiq olunmur. Bu anlamda Azərbaycanın daxili bazarında biz daha ucuz avtomobil görə biləcəyik”.

İlhamə ƏBÜLFƏT


Müəllif: