“Azneft” İstehsalat Birliyində 2016-cı ilin birinci yarısı üzrə göstəriciləri və qarşıda duran vəzifələri müzakirə etmək üçün neft və qazçıxarma idarələrində səyyar müşavirələrə start verilib.
SOCAR-dan Teleqraf.com-a verilən məlumata görə, birliyin “28 May”, “Neft Daşları” və N.Nərimanov adına neft və qazçıxarma idarələrində keçirilən müşavirələr zamanı hasilat sahəsində əldə olunmuş nailiyyətlər barədə geniş hesabatlar verilib.
Əsas texniki-iqtisadi göstəricilər, yataqların cari vəziyyəti, həyata keçirilən qazma əməliyyatları, əməyin mühafizəsi, yeni texnika və texnologiyaların tətbiqi, ətraf mühitin mühafizəsi sahələrində görülmüş işlərdən bəhs edilib. “28 May” NQÇİ-də keçirilmiş müşavirədə “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov ölkə üzrə hasilatda ən böyük paya sahib idarədə görülən tədbirlərdən danışıb, “Günəşli” yatağında uzun müddət istismar olunan obyektlərdə növbəli şəkildə əsaslı təmir aparılması qərara alınıb.
Bildirilib ki, ilin sonuna kimi “Günəşli” yatağında 7, “Çilov” yatağında isə 4 quyunun qazılaraq istismara verilməsi nəzərdə tutulub, cari ildə 3 quyu fəaliyyətsiz fonddan istismar fonduna qaytarılıb, 6 yeni obyekt tikilərək istifadəyə verilib. 17 obyektdə isə tikinti işləri davam etdirilir.
“Neft Daşları” NQÇİ-də keçirilmiş müşavirədə bildirilib ki, son 5 il ərzində yataqda quyu fondunun 1/3 hissəsi yenilənib.
Qeyd olunub ki, “Neft Daşları” NQÇİ-də 713 metr estakada, 2663 kvadratmetr meydança sahəsi təmir olunub, ilin əvvəlindən indiyə kimi 9 yeni quyu istismara təhvil verilib.
Daha sonra N.Nərimanov adına NQÇİ-nin də hesabatı dinlənilib. Bildirilib ki, qarşıya qoyulmuş planın 101% yerinə yetirilib.
Son bir neçə ildə İdarədə 19 özül əsaslı şəkildə təmir olunaraq istismara verilib. 2016-cı ildə 5 yeni obyekt istismara verilib, ilin sonuna kimi daha 7 obyektin təhvil veriləcəyi nəzərdə tutulub.
İlhamə ƏBÜLFƏT