Vergilər Nazirliyinin nümayəndələri ilə Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) üzvləri arasında sentyabrın 5-də keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidentinin 4 avqust 2016-cı il tarixli “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Sərəncamında əks olunan islahat istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Samirə Musayeva bu sərəncamın vergi sahəsində aparılacaq əsas islahatları özündə ehtiva etdiyini vurğulayıb.
Qeyd olunub ki, sərəncamın icrası ilə bağlı işlər dörd əsas istiqamətdə - vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi ödəyicilərinə xidmətin səviyyəsinin daha da yüksəldilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətlərində aparılır.
Bu işlər çərçivəsində ƏDV-nin differensiallaşdırılması, sabit verginin tətbiqi, vergi öhdəliklərinin əvvəlcədən müəyyən edilməsi (ATR), könüllü vergi açıqlaması, vergi yoxlamalarının qısa müddətdə başa çatdırılması və nəticələrinin rəsmiləşdirilməsi zamanı vergi ödəyicisinin iştirakının təmin edilməsi, elektron auditin tətbiqi dairəsinin genişləndirilməsi, transfer qiymətqoyma, rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması, ictimai məlumatlandırma mexanizmlərinin hazırlanması, intizamlı vergi ödəyicilərinin müəyyən edilərək onlara müəyyən imtiyazların verilməsi, Çağrı Mərkəzi vasitəsilə göstərilən xidmətlərin dairəsinin genişləndirilməsi xüsusi yer tutur.
İslahatlarla bağlı biznes subyektlərinin təklifləri dinlənilib, vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətləri ətrafında geniş müzakirələr aparılıb.