Maliyyə Nazirliyi Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsini və 2017-ci ilin dövlət və icmal büdcələrinin layihələrini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının 2017-ci il icmal büdcəsinin gəlirləri 19 milyard 720,7 milyon manat və ya əvvəlki ilə nisbətən 5 milyard 559,9 milyon manat (39,3 faiz) çox, xərcləri 20 milyard 967,2 milyon manat və ya əvvəlki ilə nisbətən 3 milyard 599,4 milyon manat (14,7 faiz) az nəzərdə tutulub.
İcmal büdcənin tərkib hissəsi olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərcləri 3 milyard 400,0 milyon manat proqnozlaşdırılır. Fondun xərclərinin 37,4 faizi və ya 1 milyard 270,0 milyon manatı dövlət büdcəsindən birbaşa transfert, 62,6 faizi və ya 2 milyard 130 milyon. manatı məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına örtüləcəkdir.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il üçün büdcəsinin gəlirləri 8 milyard 370,6 milyon manat nəzərdə tutulur ki, bu da 2016-cı illə müqayisədə 4 milyard 889,1 milyon manat və ya 2,4 dəfə çoxdur.
Dövlət Neft Fondunun gəlirləri 2017-ci il üçün 8 milyard 370,6 milyon manat (neftin bir barrelinin ixrac qiyməti 40 ABŞ dolları) proqnozlaşdırılır. Qeyd olunan məbləğin 7 milyard 550,7 milyon manatı və ya 90,2 faizi mənfəət neftinin və qazın satışından daxilolmalar təşkil edir.
Gələn il dövlət büdcəsinin gəlirləri 15 milyard 955 milyon manat proqnozlaşdırılır. Bu da ÜDM-in 26,0 faizi həcmində olmaqla, 2016-cı ilin proqnozu ilə müqayisədə 867 milyon manat və yaxud 5,2 faiz azdır.
Dövlət büdcəsi 10%-dən çox azalır
2017-ci ildə dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 milyard 210 milyon manatı Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 6 milyard 100 milyon manatı ARDNF-dan transfertlərin, 2 milyard 200 milyon manatı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 445, milyon manatı isə digər gəlirlərin payına düşür.
2017-ci il dövlət büdcəsinin xərcləri 16 milyard 600 milyon manat proqnozlaşdırılır ki, bu da 2016-cı illə müqayisədə 1 milyard 895 milyon manat və ya 10,2 faiz az deməkdir.