10 Mart 2017 17:51
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan hökuməti tamamilə düz hərəkət edərək Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündən (MHŞT) çıxmağını bəyan etdi. MHŞT bir neçə şəbəkənin, o cümlədən anti-Azərbaycan şəbəkələrinin əlində alətə çevrilmiş heç bir statusu olmayan yığnaq idi”.

Teleqraf.com xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib.

S.Məmmədov bildirib ki, 2016-cı ilin sentyabr ayında Varşavada Azərbaycandan olan QHT-lərin iştirakı ilə keçirilən gizli toplantıda Azərbaycanın MHŞT-dən, Açıq Hökumət Tərəfdaşlığı (OGP) çıxarılması və ombudsman Elmira Süleymanovanın BMT-dəki “A” statusunun alınması ilə bağlı kampaniyaya start verilmişdi: “People İn Need (PİN), Polşa Helsiki Komitəsinin və Ermənistan səfirliyinin birgə təşkil etdiyi toplantıda konkret tapşırıqlar da verilmişdi. Mən bu barədə elə o vaxt geniş müsahibə vermişdim və bu 50-yə yaxın KİV-də getmişdi. Bundan sonra ölkə daxilində olan erməni şəbəkəsinin üzvləri PİN tərəfindən hazırlanan mətnləri müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən MHŞT və OGP katibliyinə, Avropa Şurasına, Avropa İttifaqına və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına göndərməyə başladılar. Həmçinin, Azərbaycan əleyhinə başqa kampaniyalara start verdilər”.

S.Məmmədov qeyd edib ki, dünən onların ilk birgə uğuru baş verdi: “Ermənistan MHŞT-yə qəbul olundu, Azərbaycanın isə üzvülüyü dayandırıldı. Belə olan halda özünə hörmət edən dövlət orda qalmalı deyildi. Növbəti hədəf OGP-dir, daha sonra ombudsmanın statusunun alınması. Elmira Süleymanova vəzifəsini tərk edən kimi bu kampaniyaya da start veriləcək”.

Qeyd edək ki, martın 8-9-da Kolumbiyanın paytaxtı Boqota şəhərində MHŞT Beynəlxalq İdarə Heyətinin 36-cı iclası keçirilib. İclada Dövlət Neft Fondunun icraçı direktoru, MHŞT üzrə hökumət Komissiyasının və Çoxtərəfli Qrupun sədri Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. İclas zamanı bir sıra məsələlər müzakirə olunub, o cümlədən 4 ölkənin – Tacikistan, Qırğızıstan, Solomon adaları və Azərbaycanın MHŞT-dəki üzvlüyünün dayandırılması barədə qərar qəbul edilib. Bununla əlaqədar olaraq, Ş.Mövsümov bəyanatla çıxış edib.

Bəyanatda bildirilir ki, Azərbaycan MHŞT sahəsində bir çox ilklərə imza atan ölkədir: “Azərbaycan hasilat sənayesində ən yüksək şəffaflığı təşviq edən, beynəlxalq təşəbbüsləri dəstəkləyən və 2003-cü ildə MHŞT-yə ilk qoşulan, 2005-ci ildə dünyada MHŞT üzrə hesabatı ilk çap edən və 2009-cu ildə tamhüquqlu üzv statusunu əldə etmiş ilk ölkə olub. Biz İdarə Heyətinin Azərbaycanın fəaliyyətini dayandırmaqla bağlı qərarını ədalətsiz hesab edirik. Hazırda MHŞT öz ilkin mandatından-hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi istiqamətindən xeyli uzaqlaşıb. Müxtəlif sahələrdə fəaliyyət göstərən qrupların hər imkanda əlaqəsiz faktları təqdim etməsi artıq Təşəbbüsün öz ilkin missiya və məqsədlərindən uzaqlaşdığının göstəricisi hesab edilə bilər.

2003-cü ildə Azərbaycan hökuməti maliyyə şəffaflığı və hesabatlılığı ilə bağlı təşəbbüsə qoşulmuş və hər zaman yaxşı idarəetmə, hasilat sahəsində şəffaflıq və hesabatlılıq prinsiplərinə yüksək səviyyədə əməl edib. Azərbaycan bundan sonra da hasilat sənayesindən əldə etdiyi gəlirlərlə bağlı bütün məlumatları dərc etməyə davam edəcək. Mən çox böyük təəssüf hissi ilə Azərbaycanın MHŞT-ni rəsmi şəkildə tərk etdiyini bəyan edirəm. Dərhal qüvvəyə minməklə MHŞT üzrə Beynəlxalq Katiblikdən Azərbaycanın adını MHŞT tətbiq edən ölkələr siyahısından çıxarmağı xahiş edirəm”.

Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana “2009-cu il MHŞT mükafatı” təqdim edilib.

Səxavət


Müəllif: