6 Aprel 2017 18:43
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərində respublikada pambıqçılığın inkişaf etdirilməsi ilə əlaqədar alınan yeni kənd təsərrüfatı texnikasının sərgi-təqdimatı olub.

Teleqraf.com xəbər verir ki, kənd təsərrüfatı naziri Heydər Əsədovun iştirak etdiyi sərgi-təqdimat “Aqrolizinq” ASC-nin Şirvan təchizat bazasında keçirilib.

Nazir və iştirakçılar əvvəlcə müxtəlif növ kənd təsərrüfatı texnikaları ilə, o cümlədən pambıqçılıq üzrə Türkiyənin “Cansa Tarim” şirkətindən alınan, “Azərbaycan Malı” brendi ilə “Aqrolizinq” ASC-nin müqaviləsi əsasında “Kaspi-Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin istehsalı olan yeni texnika, Azərbaycanın aqrar mühəndislik elminin nailiyyətlərinin istehsalata tətbiqi istiqamətində “Kaspi-Yıldız” Azərbaycan-Türkiyə MM-nin Aqromexanika Elmi-Tədqiqat İnstitutunun layihəsi və “Aqrolizinq” ASC-nin sifarişi əsasında istehsal edilən mini texnika ilə tanış olub.

Pambıq istehsalçılarına, müəssisə və təşkilatlara lizinqə verilən “Gəncə Avtomobil zavodu” İB-nin istehsal etdiyi pambığın cərgə arasını becərən “Belarus 80X” traktoru da təqdim edilib.

Nazir Heydər bildirib ki, təkcə bu il ölkəyə 6 min ədəd müxtəlif kənd təsərrüfatı texnikası gətiriləcək. Artıq bu texnikanın 5 faizi respublikadadır. Qalan texnikanın da ardıcıl olaraq gətirilməsi davam edir. Bu məqsədlə dövlət tərəfindən kifayət qədər vəsait ayrılıb.

Bu il 1088 ədəd müxtəlif kənd təsərrüfatı texnikası, o cümlədən pambıqçılıqda istifadə edilən 115 ədəd cərgəarası becərmə traktoru, pambığın və şəkər çuğundurunun becərilməsində istifadə olunan 8 adda 973 ədəd müxtəlif təyinatlı texnika gətirilib və kənd təsərrüfatı məhsulu istehsalçılarına lizinqə verilib.

Son üç ildə respublikada kənd təsərrüfatı texnikasına artan tələbata uyğun olaraq texnikanın gətirilməsi strateji məqsəd olaraq qarşıya qoyulub. 2014-2017-cı illərdə alınan texnika əvvəlki 9 ildə gətirilən texnikanın 66,4 faizi qədərdir. Bu da texnikanın tərkibinin 66,4 faiz yenilənməsi deməkdir. Yenilənmə faizi kombaynlar üzrə 53, traktorlar üzrə 69, digər kənd təsərrüfatı texnikası üzrə 66,7 faiz təşkil edir. Gətirilən bütün növ texnikalar ABŞ, Türkiyə, Almaniya, Hollandiya, İtaliya və digər ölkələrin istehsalıdır.

“Aqrolizinq” ASC pambıq istehsalı ilə məşğul olan şirkətlərin bu il üçün sifarişləri əsasında texnikaya tələbatı müəyyən edib. Bu tələbata əsasən 5 min 602 ədəd kənd təsərrüfatı texnikasının, o cümlədən 150 ədəd pambıqyığan maşının, 1270 ədəd müxtəlif markalı şum və becərmə traktorunun, 4 min 182 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikasının gətirilməsi nəzərdə tutulub.

İndiyədək respublikaya 704 ədəd texnika, o cümlədən 115 ədəd “Belarus 80X” markalı cərgəarası becərmə traktoru, 156 ədəd pnevmatik tipli çiyidsəpən və 168 ədəd mexaniki tipli çiyidsəpən, 145 ədəd kotan, 24 ədəd pambıq daşınması üçün traktor qoşqusu və 96 ədəd kanal açan gətirilib. Texnikanın respublikaya gətirilməsi ciddi nəzarətdə saxlanılır.


Müəllif: