21 İyul 2017 21:23
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) Türkiyə-Azərbaycan ikitərəfli biznes və iqtisadi əlaqələrini müzakirə etmək üçün hər iki ölkənin işgüzar dairələrinin iştirak etdiyi yüksək səviyyəli tədbir keçirilib. Tədbir İstanbuldakı “Four Seasons Hotel Bosfor”da baş tutub.

Teleqraf.com xəbər verir ki, hər il keçirilən və sayca altıncı olan bu toplantı DEİK-in Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Səlcuk Akat, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Türkiyə Nümayəndəsi Rəna Rzayeva və "Paşa Bank Türkiyə"nin Baş Meneceri Cənk Eynehan tərəfindən təşkil olunub.

Tədbir təşkilatlarının hər biri öz məruzə və təqdimatında iki ölkə arasında ticarətin indiki vəziyyəti, inkişafı və əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan söhbət açıb.

Tədbiri giriş sözü ilə açan Səlcuk Akat DEİK-in məqsədinin Türkiyə və Azərbaycan arasındakı ikitərəfli ticarət əlaqələrini daha da gücləndirmək olduğunu vurğulayıb və DEİK-in ötən il ərzində həyata keçirdiyi müxtəlif layihələr barədə danışıb. Akatın proqnozlarına görə, 2020-ci ildə Türkiyədə Azərbaycan sərmayələrin səviyyəsi 20 milyard ABŞ dollarına çatacaq. Bu, əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən görülən işlər hesabına baş verəcək.

Cənk Eynehan qeyd edib ki, iki ölkə arasındakı iqtisadi və sosial tərəfdaşlıq genişləndiyindən, “Paşa Bank” regionun maliyyə körpüsünə çevrilmişdir. Natiqin Azərbaycan iqtisadiyyatına dair hesabatında sərmayə yatırımı mühitinin genişləndirilməsi üçün həyata keçirilmiş müxtəlif islahat paketləri müzakirə olunub.

R.Rzayeva Azərbaycaınn müxtəlif biznes imkanlarının Avropada təbliğində Avropa Azərbaycan Cəmiyyətinin rolunundan danışıb. O qeyd edib ki, Azərbaycan-Türkiyə enerji sahəsindəki işgüzar əlaqələrinin çox güclü zəminə malik olmasına baxmayaraq, qeyri-neft sektorları olan turizm, aqrobiznes və logistika sahələrində də böyük əməkdaşlıq potensialı var. O, Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlığın DEİK-in fəaliyyəti nəticəsində daha yeni səviyyəyə çatacağından ümidvar olduğunu bildirib.


Müəllif: Teleqraf.com