Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nizamnamə fondu 644 milyon 987 min 156 manat təşkil edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Agentliyin nizamnaməsində qeyd edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı fərmanla Avtomobil Yolları Dövlət Agentliyinin nizamnaməsini təsdiqlənib.
Agentliyin əmlakı təsisçi tərəfindən ödənilən nizamnamə fondundan, təsisçi tərəfindən ona verilmiş digər əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitlərdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşacaq.
Agentlik əmlakından yalnız Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini Nizamnaməyə və müvafiq qanunvericiliyə uyğun həyata keçirir. Agentlik qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Agentliyin, onun təsərrüfat cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin fəaliyyətindən əldə edilmiş mənfəəti üzərində müstəqil sərəncam vermək hüququna malikdir.