"Azərbaycan Mərkəzi Bankı (AMB) hələ ki inflyasiyanın səviyyəsi ilə bağlı proqnozunu dəyişdirmir. Sadəcə ilin ilk 9 ayının yekunlarına görə, inflyasiya proqnozunun yenidən qiymətləndirilməsi həyata keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə AMB-nin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu il ərzində inflyasiyanın azalması davam edir: "5 ayda orta illik inflyasya 3,2% olub. Əhalinin gəlirlərinin artması qiymətlərin artım tempini üstələyib. Maydan başlayaraq mövsümi amillər iinfyasinın azalmasını dəstəkləyib. Ev təsərrüfatları arasında monitorinq göstərir ki, inflyasiya gözləntiləri son illərin minimum səviyyəsinə enib. 2018-ci ilin sonuna qiymət artımının əvvəlcədən proqnozlaşdırıldığı kimi birrəqəmli səviyyədə olacağı gözlənilir".
Elman Rüstəmovun sözlərinə görə, cari ildə tədiyyə balansının göstəricilərinin yaxşılaşması davam edib. Tədiyyə balansının profisitinin ÜDM-də payı 15,4% səviyyəsində olub: "Bu ilin ilk 5 ayında ticarət balansının müsbət saldosu illik müqayisədə 2,1 dəfə artıb. Xidmətlər balansının kəsiri illik müqayisədə 2 dəfədən çox azalıb, turizm xidmətləri baansında müsbət saldo qorunub. Bunlar da xarici valyuta daxilolmalrının artmasına müsbət təsir göstərib. Strateji valyta ehtiyatları artmağa davam edir. Tədiyyə balansının bu ilin sonuna əlverişli səviyyədə qalacağı gözlənilir".
O, qeyd edib ki, real sektorun monitorinqi də iqtisadi aktivliyin yüksəldiyini göstərir: "2018-ci ilin sonuna iqtiasadi aktivlik davam edəcək".
Elman Rüstəmovun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 11%-dən 10%-ə endirilib, faiz dəhlizinin yuxarı və aşağı həddinin buna simmetrik diapazonda +/-2% səviyyəsində olması barədə qərar qəbul edib.
Xatırladaq ki, qurumun İdarə Heyəti 12 fevral 2018-ci il tarixində uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi, daha sonra isə 2018-ci il aprelin 9-da uçot dərəcəsinin 13%-dən 11%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin isə +/- 3% səviyyəsində olması barədə qərar qəbul etmişdi.
Faizlərə növbəti dəfə bu ilin avqust ayında baxılacaq.