19 Fevral 2019 16:20
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın nəqliyyat sektorunda son illər ərzində böyük işlər görülüb. Ölkəyə yatırılan investisiyaların böyük qismi məhz nəqliyyat sferasına sərf olunub. Müasir infrastrukturun yaradılmasının əsasını nəqliyyat sektorunun bütün qollarının inkişafı təşkil edir. Bu da təsadüfi deyil və burada strateji məqsəd var. Azərbaycan dövlətinin və bilavasitə prezidentin nəzərdə tutduğu strategiyanın əsas məqsədi Azərbaycanın yerləşdiyi coğrafi məkanın imkanlarından istifadə edərək ölkəmizin həm Şimal-Cənub, həm də Şərq-Qərb və Qərb-Şərq arasında nəqliyyat mərkəzinə çevrilməsi ilə bağlıdır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında iqtisadçı Pərviz Heydərov Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclasını şərh edərkən deyib

Onun sözlərinə görə, ölkədə infrastruktura yatırılan investisiyalarda hədəf Azərbaycanı sözügedən qütblər üzrə mükəmməl nəqliyyat dəhlizi rolunda özünün göstərməsini təmin etməkdən ibarət idi: “Bu sahədə çox böyük uğurlar əldə olunub. Ölkə daxilində həyata keçirilən bir sıra layihələr var ki, onlar bəzi ekspertlər, xarici mütəxəssislər tərəfindən o qədər də perspektivli hesab edilmirdi.

Məsələn, Bakı-Tbilisi-Qars dəmir yolu 10 il vaxt apardı və onun əsas xərcini Azərbaycan dövləti çəkdi. Bu layihənin həyata keçirilməsinin təşəbbüs kimi irəli sürülən zaman nəinki xarici, hətta yerli iqtisadçı ekspertlərimiz onun gəlir gətirməyəcəyini iddia edirdilər.

Lakin Ələt qəsəbəsində Beynəlxalq Dəniz Ticarət Limanının təşkili, oraya investisiya yatırılması bu iddiaları tamamilə alt-üst elədi. Məlum oldu ki, burada məqsəd təkcə Bakıdan Tbilisiyə, oradan Qarsa dəmir yolu çəkilməsindən ibarət deyil, burada uzaqvuran məqsəd var. Həmin dəmir yolu təkcə Bakı ilə Qarsı deyil, Şərqlə Qərbi, Qərblə Şərqi birləşdirəcək, bütün daşınmaların həyata keçirilməsində mühüm vasitə olsun”.

İqtisadçı bildirib ki, bu gün nəqliyyat sahəsində görülən işlər nəticəsində Şərqdən Qərbə istənilən formada yükdaşımaların həyata keçirilməsində Azərbaycanın vasitəçi kimi çıxış etməsi üçün imkan yaranıb: “Biz Avropanın ən ucqar nöqtəsi sayılan Londona qədər Asiyadan yüklərin daşınmasını təmin edə bilərik. Bunlar hamısı böyük məbləğdə vəsait tələb edən layihələr idi.

Avropa İttifaqının Azərbaycanla əməkdaşlıq istəyinin kökündə ölkəmizdə yaradılan nəqliyyat imkanlarından istifadə öncül yerlərdən birini tutur. Bunların hamısı gələcəkdə Azərbaycana əlavə gəlirlər gətirəcək. Qeyri-neft sektoru üzrə bizim əsas gəlir sahələrimizdən biri nəqliyyat sektorunda görülən işlər nəticəsində əldə olunan gəlirlər təşkil edəcək”.


Müəllif: Nərgiz