Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi “Banklar haqqında” qanuna dəyişikliyi nəzərdə tutan layihəni artıq plenar iclasa tövsiyə edib. Dəyişiklik qəbul edilsə, Maliyyə Bazarlarına Nəzarət Palatası bankların göstərdikləri xidmətlərin qiymətinə müdaxilə etmək hüququ qazanacaq.
Teleqraf.com xəbər verir ki, bu sözləri iqtisadçı Samir Əliyev deyib.
Ekspert qeyd edib ki, “Banklar haqqında” qanuna əlavə edilən 36.6-1-ci maddəyə əsasən, palata bankların müştərilərlə bağladığı kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqların və göstərilən bank xidmətləri üçün digər ödənişlərin yuxarı həddini müəyyənləşdirəcək:
“Halbuki hazırda qüvvədə olan qanunvericilik imkan verir ki, bütün bunları kredit təşkiları sərbəst olaraq müəyyənləşdirsin”.
Samir Əliyev bildirib ki, Azərbaycanda kredit faizlərinin yüksək olması heç kimə sirr deyil və bu, dəfələrlə ekspertlər tərəfindən vurğulanıb:
“Kredit faizlərinin yüksək olmasının əsas səbəbi banklar tərəfindən kredit vermək üçün cəlb edilən resursların bahalığıdır. Statistik təhlil göstərir ki, bankların öhdəliklərində bütün mənbələr üzrə depozitlərin payı ötən il 78%-ə çatıb. Halbuki devalvasiyadan öncə bu rəqəm 60% civarında olub.
Depozitlərdən yüksək asılılıq kredit faizlərinin depozit faizlərindən asılılığına gətirib çıxarır. Hazırda banklarda spred (kredit və depozit faizləri arasındakı fərq) 5% civarındadır. Əgər milli valyutada olan əmanətlərin illik faiz dərəcəsi 14-15%-ə gəlib çatırsa, kreditlərin faiz dərəcəsi heç bir halda 20%-dən aşağı olmayacaq.
Deməli, depozitləri ucuzlaşdırmaq yolu ilə kreditlərin ucuzlaşmasına nail olmaq olar. Bunun üçün maliyyə sabitliyi dayanıqlı olmalı, dövlət resursları daha çox bank arasında bölüşdürülməli, mərkəzləşdirilmiş kreditlərin həcmi və əhatə dairəsi genişlənməlidir.
Ancaq nəzərə almaq lazımdır ki, depozitlər ucuzlaşdıqdan sonra əmanətçilərin davranışını proqnozlaşdırmaq da çətindir. Ən azı manatın məzənnəsinin sabitliyi ilə bağlı əhalidə əminliyin tam olmaması fonunda aşağı faizli əmanət qoyuluşunun cəlbediciliyi azalır və gələcəkdə banklar resurs qıtlığı ilə üzləşə bilərlər”.
Ekspertin sözlərinə görə, təcrübədə banklar tərəfindən xidmət haqlarının süni şəkildə artırılması halları mövcud olub:
“Hətta müştərilərə göstərilən digər xidmətlərə görə də əlavə haqq tələb edilməsi müşahidə edilir. Ölkədə 30 bank fəaliyyət göstərir və müştərilərin imkanı var ki, haqsız tarif tətbiq edən banklarla əməkdaşlığı dayandırsın.
Kredit faizləri isə ancaq iqtisadi rıçaqlar vasitəsilə aşağı salına bilər. Kim zəmanət verə bilər ki, sabah ucuz dövlət resurslarına asan çıxışı olan banklardakı aşağı kredit faizlərini əsas götürüb bütün banklara faiz tavanı tətbiq edilməyəcək?
Ona görə də parlament bu dəyişikliyi etməkdən vaz keçməlidir və imkan verməlidir ki, kredit faizlərini və xidmət haqlarını bazar tənzimləsin. Əks halda bu addım kredit faizlərini aşağı salmadan bank sektoru üçün ciddi problemlər yarada bilər”.