17 Sentyabr 2019 20:10
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan nümayəndə heyəti Həştərxanda bir sıra görüşlər keçirib

Azərbaycan nümayəndə heyəti Rusiyanın Həştərxan vilayətində səfərdədir. Azərbaycan nümayəndə heyətinin üzvü, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev səfər çərçivəsində Həştərxan vilayətinin rəhbəri İqor Babuşkinlə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüş zamanı tərəflər qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, iqtisadi, sosial sahədə əlaqələrin genişləndirilməsi, eləcə də birgə gəmi təmiri və tikintisi məsələlərini müzakirə ediblər.

Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Ələt limanında yeni iqtisadi zonanın yaradılması təşəbbüsü ilə çıxış edib: "Biz bu liman vasitəsilə yükdaşımaların artırılmasına xüsusi diqqət yetiririk. Çünki bu liman şimal və cənubu, eləcə də qərb və şərqi birləşdirəcək. Düşünürük ki, bu iqtisadi zona 15 milyon ton yükün daşınmasına imkan yaradacaq". İqor Babuşkin Xəzər dənizində turizmin inkişaf etdirilməsi məsələsinə də toxunub. Bildirib ki, yaxın günlərdə Həştərxan-Bakı aviareysləri yenidən bərpa olunacaq. O, sözügedən marşrutla hərəkət edəcək təyyarə reyslərinin sayının artırılmasını da məqbul hesab edib. İqor Babuşkin həmçinin Xəzəryanı ölkələrin turizminin inkişafı məqsədilə qarşılıqlı turist səfərlərinin təşkil edilməsini təklif edib. Bildirilib ki. artıq Həştərxanda "Böyük Pyotr" adlı gəminin tikintisi başa çatmaq üzrədir və bu gəmi vasitəsilə ediləcək səfərlər sahilyanı ölkələr arasında turizmin inkişafına təkan verəcək.

Görüşdə çıxış edən Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev İqor Babuşkini qubernator seçilməsi münasibətilə təbrik edib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından təbrik məktubunu İqor Babuşkinə təqdim edib. Abdin Fərzəliyev tərəflər arasında yüksək səviyyədə qurulan əməkdaşlıqdan da söhbət açıb və bu əməkdaşlığın hər ötən il inkişaf etdiyini vurğulayıb.

Qeyd edək ki, hazırda Həştərxanda "KDY Loqistika" layihəsinin həyata keçirilməsi üzərində iş gedir. Bu layihə Azərbaycan. İran, Türkiyə, Türkmənistan və Özbəkistan və digər MDB ölkələrindən kənd təsərrüfatı məhsullarının daşınmasına imkan yaradacaq. 2018-ci ildən Həştərxanda Azərbaycan İşgüzar Mərkəzi fəaliyyət göstərir. Anoloji mərkəzin cari ilin sonuna qədər Bakıda açılması üzərində iş gedir.

Bununla bağlı görüş zamanı məlumat verən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev deyib ki, 7 mərtəbədən ibarət İşgüzar Mərkəz paytaxtın mərkəzində yerləşir və ölkədəki ən iri İşgüzar Mərkəzlərdən biri olacaq.


Müəllif: Teleqraf.com