Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10445,3 milyon manatlıq, yaxud 2013-cü ilin müvafiq dövründəkindən 0,5 faiz çox vəsait yönəldilib.
Publika.az xəbər verir ki, əsas kapitala cəlb olunan vəsaitin 7635,5 milyon manatından tikinti-quraşdırma işlərində istifadə edilib. Müqayisə olunan dövrdə bu rəqəm 11,1 faiz artıb. Əsaslı vəsaitin 67,5 faizi və ya 7045,5 milyon manatı məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilən vəsaitin 7,3 milyard manatını və ya 70,4 faizini daxili investisiyalar təşkil edib. Ötən ilki səviyyədən 5,4 faiz az, xarici investisiya isə 17,9 faiz yüksək olub.
Tikinti kompleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı bir sıra istehsal və qeyri-istehsal obyektləri istifadəyə verilib. Səkkiz ay ərzində 1145,5 min kv.metr sahəsi olan yaşayış evləri, 5680 şagird yerlik ümumtəhsil məktəbləri, 892 yerlik məktəbəqədər təhsil müəssisələri, 200 çarpayılıq xəstəxana, növbədə 90 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, Bakı şəhərində “Norm” sement zavodu və s. obyektlər istifadəyə verilib.
Cari ildə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulub. 5463,7 milyon manat vəsaitin 3544,6 milyon manatından istifadə olunub.