10 Avqust 2020 19:24
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ” yatağı kifayət qədər karbohidrogen ehtiyatlarına malikdir və onun uzunmüddətli istismarı kommersiya baxımından sərfəlidir”.

Bunu Teleqraf.com-a enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.

Ekspert bildirib ki, müstəqillikdən sonra “Qarabağ” yatağının işlənməsi ilə bağlı Azərbaycanın xarici neft şirkətləri ilə bir neçə dəfə danışıqları olub:

“2000-ci illərdə “Qarabağ”da aparılmış seysmik tədqiqatların nəticəsi olaraq xarici tərəfdaş şirkətlər bu yatağın işlənməsindən imtina etmişdilər. Kommersiya baxımından həmin yatağın o dövrün qiymətlərinə və bazar şərtlərinə uyğun olmadığı vurğulanmışdı. Sonradan “Qarabağ” yatağında aparılan tədqiqatlar göstərdi ki, yataq kifayət qədər karbohidrogen ehtiyatlarına malikdir və onun uzunmüddətli istismarı kommersiya baxımından sərfəlidir. Təbii ki, “Qarabağ” yatağının gələcəkdə geniş miqyasa çıxması Azərbaycanda həm əlavə iş yerlərinin saxlanmasına, həm də ölkəmizin ixrac güclərinin və eyni zamanda neft infrastrukturunun dayanıqlı, normal və uzunmüddətli fəaliyyətinə təkan verəcək. Bundan başqa, “Qarabağ” yatağı satışdan ölkəyə əlavə valyuta axınının gəlməsinə imkan yaradacaq".

Analitik deyir ki, Azərbaycanın ən zəngin yatağı Azəri-Çıraq-Günəşli blokudur:

“Bundan sonra kəşf olunan “Şahdəniz” qaz-kondensat yatağıdır. Hər iki yataqlar blokundan sonra Xəzərin Azərbaycan sektorundakı digərləri orta yataqlar qrupuna aiddir”.

Zəfər Vəliyev Xəzər dənizində Azərbaycan və Türkmənistan arasında mübahisəli “Kəpəz” yatağına da diqqət çəkib:

“Hesab edirəm ki, Azərbaycan həmin yatağın işlənməsi ilə bağlı Türkmənistanla bir araya gəlməlidir. Artıq Xəzərin hüquqi statusu müəyyən edilib və “Kəpəz” yatağının da sənaye istismarına verilməsi və onun müştərək işlənməsi məsələsini həll etmək lazımdır. Neçə ki, dünya bazarlarında ənənəvi yanacaq ehtiyatlarına tələbat var, Azərbaycan öz aktivində olan yataqların maksimum istismarın həyata keçirməlidir. “Qarabağ” yatağı da bunlardan biridir”.


Müəllif: Yeganə Oqtayqızı