“Rusiyanın Azərbaycana qarşı başladığı "pomidor müharibəsi"nə dair məsələnin nüfuzlu mətbu orqanlar tərəfindən də yayımlanması göstərdi ki, bu qadağa ciddi beynəlxalq rezonans doğurmaqdadır. 2015-ci ildə rus təyyarəsini vurandan sonra Türkiyəyə qarşı tətbiq edilən embarqo hazırda başqa formada Azərbaycanın əleyhinə yönəlib. Bəziləri Ermənistan və Özbəkistana qarşı da rus embarqosunun mövcudluğunu əsas göstərib bu məsələnin siyasiləşdirilməsinin əleyhinədir. Ancaq beynəlxalq ticarətin hazırda qlobal siyasətin əsas alətlərindən birinə çevrildiyini əsas götürüb deyə bilərəm ki, həm akademik, həm də praktik yöndən əminəm: bu məsələdə siyasət başlıca rol oynayır”.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu deyib.
İqtisadçının sözlərinə görə, pomidor Azərbaycan üçün xüsusilə də neft gəlirlərinin azaldığı dövrdə çox əhəmiyyətli qeyri-neft ixrac məhsuludur: “2017-ci ildən başlayaraq Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında tomat (pomidor) birinci məhsul olub. Statistika Komitəsinin açıqlamalarına görə, 2017-ci ildə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının 9,9 faizini, 2018-ci ildə isə 10,5 faizini, 2019-cu ildə 9,7 faizini, 2020-ci ilin 10 ayında isə 11,98 faizini pomidor təşkil edib.
Ötən il 189 milyon 292 min dollar dəyərində 174 min 548 kq pomidor ixrac edildiyi halda, bu ilin 10 ayında 173 milyon 19 min dollar dəyərində 160 min 269 kq pomidor ixrac edilib. Bu il üçün cəmi ixracın 1.41 faizi, qeyri-neft məhsullarının ixracının 11.98 faizi pomidorun payına düşüb”.
Analitik qeyd edib ki, bu dövrdə azərbaycanlı iş adamları alma ixracından 21 milyon 201 min dollar qazanıblar: “Göründüyü kimi bu ilin 10 ayı üçün pomidor və alma ixracından Azərbaycanın qazancları 200 milyon dollar ətrafındadır. Bu ilin 10 ayında pomidor və alma ixracatında əldə edilən valyuta gəlirləri (194 milyon dollar) 2020-ci ilin 11 ayında Şahdəniz yatağından qaz və kondensat satışından əldə edilən gəlirlərin - 276 milyon ABŞ dolların 70 faizini təşkil edir.
Odur ki, Rusiyanın Azərbaycanda pomidor və alma idxalına qoyduğu qadağaya texniki məsələ kimi yanaşmaq və onu Ermənistan və Özbəkistanla müqayisə etmək düzgün deyil.
Ruslar qadağanı Ermənistana Armavir rayonuna, Özbəkistanda isə Cənub-şərq Qaşqadaryo rayonuna tətbiq ediblər. Bizə qarşı qadağa bütün ölkəyə şamil olunur. Unutmayaq ki, Rusiya bazarında satılan hər 5 kq pomidorun 2 kq-ı, yəni bazarın 40 faizə qədəri Azərbaycanını payına düşür”.
Qubad İbadoğlu deyir ki, vəziyyətdən çıxış yolu üçün qeyri-neft ixracatının əsas məhsulunun bir bazardan - Rusiyadan asılılığının yaratdığı belə riskləri nəzərə alaraq pomidor və alma ixracatını şaxələndirmək və başqa bazarlara çıxmaq lazımdır: “Digər tərəfdən Azərbayan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın Rosselxoznadzor təşkilatı ilə müzakirələr başlamalı və ixrac məhsullarını bazarın tələblərinə uyğunlaşdırmaqla problemin həllinə çalışmalıdır.
Əgər embarqo davamlı olarsa, onda Azərbaycan da adekvat qərarlar qəbul etməli Rusiyadan ixrac mallarına qadağalar tətbiq etməlidir”.