31 Dekabr 2020 16:52
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2020-ci ilin əvvəlində verdiyim proqnozlara görə, avro ilin sonuna qədər 1.20-yə qədər dəyər qazanacaq. Funt sterlinq də Breksit baş tutana qədər kanal daxilində 1.20-1.35 qalacaq. Breksitdən sonra funt da dəyər qazanmağa başlayacaq. Eyni ssenarini müşahidə edirik”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri iqtisadçı Elman Sadıqov səsləndirib.

O bildirib ki, yay aylarında dünyanın aparıcı investisiya bankları və analitik mərkəzləri avronun ilin sonuna dollar qarşısında 1.30 olacağını proqnozlaşdırırdı: “Ancaq mən avronun il sonuna qədər 1.25 həddini keçəcəyinə inanmadığımı dəfələrlə qeyd etmişəm. Ən yaxşı halda 1.20-1.25 arası ola bilər. Razılıqlı Breksit və peyvəndin tətbiqinə başlanması kimi ən müsbət amillərdən sonra da avro 1.22-1.23 arasındadır.

Mart ayında Brent markalı neftin bareli 10-15 dollar ətrafına çatanda qeyd etmişdim ki, bu yanacaq növünün yenidən formalaşacağı qiyməti 45 dollar olacaq, uzun müddət də o civarda qaldı. Qiymətlər ilin sonunda isə 45-55 dollar aralığında olacaq”.

Analitik hesab edir ki, Breksitin həm Azərbaycana, həm də Türkiyəyə təsirləri var: “Bu təsir düşündüyümüzdən daha çoxdur. Breksit yeni dünya düzəninə doğru atılmış ilk addımdır. Breksitdən sonra yeni güc mərkəzi formalaşacaq və ən çox müsbət təsirlərdən birini də Türkiyə görəcək, artıq konturlar görünməyə başlayır. Breksit yeni iqtisadi yanaşmalar deməkdir. Breksit Avropa Birliyinin regionda hökmranlığına son qoyaraq Britaniya ətrafında yeni iqtisadi format yaradacaq, bu proses növbəti illərdə davam edəcək.

Türkiyənin Avropa İttifaqı (Aİ) qarşısında manevr imkanı artır. Aİ-nin Britaniyaya münasibəti nisbətən soyusa da, digər ölkələrə qarşı isti münasibəti artacaq. Əlbəttə, dərinlikdə Aİ-Böyük Britaniya münasibətləri xüsusilə strateji məsələlərdə özünü qoruyacaq. Çünki Britaniya rəsmən ayrılsa da, Aİ ilə köklü əlaqələri var və bu qalacaq”.

Elman Sadıqov qeyd edib ki, 2021-ci ildə Britaniya amili önəmini qoruyacaq: “Rusiya-Türkiyə yaxınlaşması o qədər də sadə məsələ deyil. ABŞ-ın yeni prezident administrasiyası məsələlərə başqa prizmadan baxmağa məcbur edir. 2021-ci ildə adı tez-tez çəkilməyə başlayacaq ölkələrdən biri Ukrayna olacaq. İlkin mərhələdə 6-lı platforma yaranacaq. Amma bu, adı çəkilən region dövlətlərdən ibarət deyil, tərkibi fərqli olacaq.

Dünya üçün bağlantıların kəsişdiyi ölkə İsrail olacaq. ABŞ-Çin, ABŞ-Rusiya məsələlərində yaxşılaşma gözləmirəm. Mövcud vəziyyət 2021-ci ildə yeni münaqişə ocaqlarının yaranması ehtimalını artırır. Bunlar əslində proqnozlardan daha çox hadisələrin növbəti ehtimal olunan gedişatıdır. 2020-ci ildə pandemiya Breksiti kölgədə qoysa da, illər sonra onun əhəmiyyəti aydın olacaq”.


Müəllif: Yeganə Oqtayqızı