Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,07 ABŞ dolları, yaxud 3,23 faiz azalıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 61,93 ABŞ dolları təşkil edib.
Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev neftin ucuzlaşmasına təsir edən edən səbəbləri Teleqraf.com-a şərh edib.
O bildirib ki, neft tələbini iqtisadi fəaliyyətin göstəricisi kimi götürsək, neft bazarları hələ də böyük neft həcmlərini mənimsəmək qabiliyyətində deyil: “Bu baxımdan yüksək neft qiymətləri, cari və yaxın gələcəkdə tələb-təklif tarazılığına və xam neft və neft məhsulları ehtiyatlarına nisbətən yüksəkdir. Digər tərəfdən, Avropa ölkələrində, xüsusən də Fransa, Almaniya və Böyük Britaniyada COVID-19-un üçüncü dalğasını dayandırmağa çalışan karantin rejimlərinin sərtləşdirilməsi ilə yanacaq tələbatının bərpa olunması prosesi dayandırıldı. Sərt karantin tədbirləri neft emalı güclərində emal marjının aşağı düşməsinə və bu səbəbdən emal güclərinin gündəlik xammalla yüklənməsini təhdid altına düşməsinə səbəb olur”.
Ekspert hesab edir ki, beynəlxalq etalon markalar üçün qiymət fərqi yaxın aylar üçün kontanqoya (Qiymətli kağızlar bazarında satın alınmış səhmlərin dəyərinin ödənişinin növbəti hesablaşma dövrünə qədər təxirə salınması imkanı) çevrilib: “Yəni qarşıdakı aylar üçün müqavilələr sonrakı aylarla müqayisədə daha ucuz satılır. Bu isə xam neftə olan tələbin azalmasına bir işarədir.
Bazarı təhdid edən digər bir səbəb son bir ayda İran və Venesuela neftinin ticarət dövriyyəsinin artmasıdır ki, bu da fiziki bazarlarda tələbatdan artıq neft həcmlərinin artmasına səbəb olur. Bazara daxil olan artıq neft həcmləri fiziki bazarlar tərəfindən mənimsəmədiyindən, son anda ehtiyatların artmasına gətirib çıxara bilər. Ona görə də, “OPEC+”un may ayında mərhələli hasilat artımına keçməyi indiki halda düzgün addım hesab edilə bilməz”.