6 Aprel 2021 18:33
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Meliorasiya və su təsərrüfatı sahəsində mövcud potensialdan düzgün istifadə edilmir. Bilərəkdən və obyektiv olaraq itkilər var. İdarəetmə müasir tələblərə cavab vermir, meliorasiya və su təsərrüfatı sahəsində idarəçilik metodu hələ də sovet dövründən qalır, səmərəlilik əsas götürülmür”.

Bu fikirləri Telqraf.com-a açıqlamasında iqtisadçı Pərviz Heydərov deyib.

O bildirib ki, ayrı-ayrı dövlət proqramları çərçivəsində ölkədə indiyədək infrastruktur sahədə çox işlər görülüb: “Bunların sırasında meliorasiya və su təsərrüfatı sahəsində həyata keçirilən layihələr xüsusən böyük önəm daşıyır. Çünki bu sahədə müvafiq infrastrukturun yaradılması və təşkili, həmçinin yenidən qurulması bilavasitə əhalinin içməli su ilə təminatı və kənd təsərrüfatının inkişafı məqsədlərinə xidmət edir.

Burada Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi, o cümlədən Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarlarının inşası da qeyd olunmalıdır. Bütün bunlar həyata keçirilməsəydi, indi Azərbaycanda nəinki kənd təsərrüfatı mövcud idi, əhalinin içməli suya əlçatanlığı belə problem olardı. Ümumiyyətlə, su təsərrüfatı və meliorasiya sahəsində tədbirlər hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır, xüsusilə su ehtiyatları kasad həcmdə olan ölkələrdə buna çox böyük ehtiyac var.

Bir faktı qeyd edim ki, "Regionların sosial-iqtisadi inkişafına dair" birinci Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizdir. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. İndi bu rəqəm təxminən 82 faizə çatıb.

Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Hazırda bu göstərici 63 faiz təşkil edir.

Son illər ərzində vaxtilə suvarılmayan torpaqlara su çəkilib. Bu torpaqların həcmi 100 min hektarlarla ölçülür. Su görməyən, yaxud qismən suvarılan torpaqlara suyun verilməsi bu bölgələri canlandırıb. Bütün görünən nəticələr yüksək qiymətləndirilməlidir”.

Suyun bir enerji növü olduğunu deyən iqtisadçı ondan istifadənin sabit qalmadığını da vurğulayıb: “Sudan istifadə davamlı olaraq artır və genişlənir. Odur ki, yeni-yeni su ehtiyatların yaradılması, mənbələrinin aşkar olunması və bu sahədə itkilərə yol verməmək daim diqqət mərkəzində saxlanılmalı və həll edilməli məsələlərdir.

Əvvəla, əhalinin sayı artır. İkincisi, iqtisadiyyat yerində saymır, inkişaf edir - kənd təsərrüfatı məhsullarının istehsal həcmini artırmaq tələbi getdikcə daha da ciddiləşir.

Üçüncüsü, iqlim dəyişir, su çatışmazlığı məsələsi getdikcə dünyanın hər yerində problemə çevrilir və sair. Odur ki, sözügedən sahədə bundan sonra daha çox iş görmək zərurəti yaranır.

Dövlət başçımız İlham Əliyevin də son vaxtlar meliorasiya və su təsərrüfatı sahəsinə vaxt ayırması, bu sektorun önəmini qabartması məhz bütün deyilənlərlə əlaqədardır. Ölkə rəhbərinin dediyi kimi, adıçəkilən sahədə son vaxtlar çox işlər görülüb, böyük infrastruktur yaradılıb, amma bu, yetərli deyil. Ortada böyük çatışmazlıqlar və nöqsanlar var. Mövcud potensialdan düzgün istifadə edilmir.

Uçot aparılmırdı, bilərəkdən və obyektiv olaraq itkilər vardı. Bütün bunlar da ondan irəli gəlir ki, idarəetmə müasir tələblərə cavab vermir, meliorasiya və su təsərrüfatı sahəsində idarəçilik metodu hələ də sovet dövründən qalır, səmərəlilik əsas götürülmür.

Ümumiyyətlə suya bir enerji növü və mənbəyi olaraq baxılmır. Prezident qeyd etdi ki, bundan sonra meliorativ tədbirləri dədə-baba üsulu ilə apara bilmərik və dünyanın bu sahədə ən müasir texnologiyalarını Azərbaycana gətirmək, idarəetmədə müasir yanaşma tətbiq etmək lazımdır”.

Analitik azad edilmiş torpaqlarda meliorativ tədbirlərin görülməsi tələblərinin də ortaya çıxdığını bildirib: “Bu torpaqlarda bizim böyük su mənbələrimiz mövcuddur və uzun illərdir bu imkanlardan məhrum idik. Sərsəng və Suqovuşan su anbarları həmin ərazilərdə yerləşir. Sözügedən yerlərin çayları daim bol su ilə tanınır.

Hesab edirəm ki, tezliklə ölkədə meliorasiya və su təsərrüfatı sahəsində daha böyük işlərin görüləcəyinə şahid olacağıq. Çox güman ki, əlavə vəsaitlər ayrılacaq. Dünyanın bu sahədə ən müasir texnologiyaları Azərbaycana gətiriləcək, sudan istifadədə səmərəlilik artacaq”.


Müəllif: Yeganə Oqtayqızı