“Co Baydenin qondarma erməni soyqırımı ilə əlaqədar verdiyi bəyanatından sonra ABŞ dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə telefonla zəng etməsi Birləşmiş Ştatların Azərbaycanla əlaqələrə önəm verməsinin göstəricisidir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
O, rəsmi məlumata istinadən bildirib ki, ABŞ-ın dövlət katibi Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafına toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini vurğulayıb: “Dövlət katibi enerji təhlüksizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətindən danışıb, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirib.
Eyni zamanda, Entoni Blinken bu il də "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını qeyd edib”.
Deputatın sözlərinə görə, Birləşmiş Ştatların Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin yarıdan çoxu Azərbaycanın payına düşür: “ABŞ-ın Cənubi Qafqazın 3 ölkəsi ilə illik ticarət dövriyyəsi 1 milyard 485 milyon dollardır. Bunun 791.8 milyon dolları Azərbaycanın, 541 milyon dolları Gürcüstanın və 152 milyon dolları isə Ermənistanın payına düşür. Qeyd edək ki, Avropa Birliyinin Cənubi Qafqazla ticarət dövriyyəsinin 75 faizi Azərbaycana aididr. Göründüyü kimi, ölkəmiz aparıcı Qərb ölkələrinin regionda ən böyük iqtisadi tərəfdaşıdı.
Digər tərəfdən, ABŞ-ın əsas mütəffiqlərindən olan Avropanın enerji təhlukəsizliyinin formalaşmasında Azərbaycanın rolu artmaqdadır. Son 3 ayda Azərbaycan İtaliyaya mavi qaz ixracatını 77 faiz artırıb və bütövlükdə bu il ölkəmizdən “qədim qitəyə” 5 milyard kub metr mavi qaz nəql ediləcək. Yaxın illərdə həmin rəqəm 2 dəfə artacaq. İkinci mərhələdə isə bu illik 20 milyard kubmetrədək yüksələcək”.
Vüqar Bayramov deyib ki, Qərb ölkələri ilə iqtisadi və ticari əlaqələrin inkişafı ilə yanaşı, Azərbaycan hər zaman Türkiyənin yanındadır: “Dövlət katibi Entoni Blinkenlə söhbətdə Azərbaycan Prezidenti bu günlərdə ABŞ Prezidentinin dırnaqarası erməni soyqırımı ilə bağlı bəyanatı ilə əlaqədar qeyd edib ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir. Postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır və ABŞ Prezidentinin bu açıqlaması Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanıb.
Bu isə Azərbaycan üçün Türkiyənin nə dərəcədə vacib tərəfdaş və əziz qardaş olduğunun göstəricisidir”.