Artıq Vətən Müharibəsi Qəhrəmanları güzəştli ipoteka kreditindən istifadə edə biləcəklər. Yeni qaydaya görə, Azərbaycanın Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı, övladları) güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaqlar. Bununla da, güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslərin əhatə dairəsi genişlənir.
Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Teleqraf.com-a bildirib ki, bir neçə kateqoriya var, onlara güzəştli ipoteka krediti 4 faizlə verilir.
Ekspert Vətən Müharibəsi Qəhrəmanlarının artıq həmin kateqoriyaya düşdüyün deyir: “Güzəştin mahiyyəti ondan ibarətdir ki, həmin şəxslər də 4 faizli güzəştli ipoteka krediti götürə bilənlərin siyahısındadırlar. Həmin kateqoriyadan olan şəxslərin güzəştli ipoteka kreditlərinə müraciət etməsinə gəlincə, sözügedən mənzillərin kimlərə və hansı şərtlərlə verilməsi ilə bağlı məsələlərdən məlumatsızam.
Ola bilər ki, həmin mənzillər onları qane etmir və daha böyük ev istəyirlər. Niyə də yox?! Ola bilər, ailə üzvlərinin sayı çoxdur. Hesab etmirəm ki, qaydaya dəyişiklik formal xarakter daşıyacaq. Hər halda bundan istifadə edə bilərlər”.
Əkrəm Həsənov hesab edir ki, İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətini şəffaf etmək lazımdır: “Həqiqətən də bilinməlidir ki, Fond kreditləri kimlərə verir, kimlərə verməkdən imtina edir... Yəqin ki, sözügedən dəyişiklikdə əlavə tənzimlənməyə ehtiyac var. Əgər dövlətin güzəştli şəxslərə verdiyi mənzil varsa, ipoteka krediti veriləndə bu, nəzərə alınmalıdır.
Evi olan şəxslər neçə dəfə istəsə, ipoteka krediti götürə bilər. Buna məhdudiyyət yoxdur. Elə məsələnin problemli tərəfi də budur. Yəqin ki, müəyyən şərtlər var, amma bunlar dəqiq məhdudiyyət deyil. Böyük ehtimalla Vətən Müharibəsi Qəhrəmanları və yaxınları onlara təklif olunan ipoteka kreditindən imtina edəcək”.