19 İyul 2021 16:52
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa şirkəti azad edilmiş ərazilərdə 200 meqavat gücündə günəş elektrik stansiyasının inşası ilə bağlı Azərbaycan hökuməti ilə ilkin sənədləri imzalayıb. İşğaldan azad olunan torpaqlarımızda Avropa şirkətləri ilə əməkdaşlıq “qədim qitə” ilə ölkəmizin iqtisadi əlaqələrini genişləndirməklə yanaşı, eyni zamanda erməni işğalı nəticəsində tamamilə dağıdılmış ərazilərimizin daha intensiv bərpası baxımdan vacibdir. Digər tərəfdən, Azərbaycan Avropa İttifağının Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır. İttifağın bu regionla ticarətinin 78 faizi Azərbaycanın payına düşür. Azərbaycanın xarici ticarətində bu qurumun payı isə 40 faizdən çoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, alternativ, o cümlədən günəş enerjisi istehsalında Avropa İttifaqı xüsusi təcrübəyə malikdir: “2004-cü ildə birliyin ümumi enerji istehlakının 8,5%-ni bərpa olunan enerji mənbələrindən əldə edirdisə, 2019-cu ildə bu göstərici 19,7%-ə yüksəlib. Bu qurumun 2030-cu illəri əhatə edən enerji strategiyasına əsasən, növbəti 9 ildə bərpa olunan enerji resurslarının payı 27%-ə yüksələcəyi hədəflənir”.

Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanın və eləcə də işğaldan azad olunan ərazilərin böyük alternativ enerji potensialı var: “Energetika Nazirliyinin hesablamaların görə, ölkəmizdə günəşli günlər il ərzində 2500-3200 saat arasında dəyişir. Bakı və ətraf ərazilərdə ilin orta hesabla 250 günü küləkli olur. Nazirliyin hesablamalarına əsasən, Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27000 MVt olaraq dəyərləndirilir. Bunun 23000 MVt-ı günəş, 3000 MVt-ı isə külək enerjisinin payına düşür. Qarabağ bölgəsinin də alternativ enerji potenisalı kifayət qədər yüksəkdir. Nazirliyin qiymətləndirmələrinə görə, işğaldan azad olunan ərazilərimizin günəş enerjisi potensialı 4000 MVt, külək enerjisi potensialı isə 500 MVt-dır. Günəş enerjisi əsasən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə, Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Azərbaycanda yerli su ehtiyatlarının 25%-nin Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı əlverişli sayılır.

Bütövlükdə, günəş və külək enerjisindən aktiv şəkildə istifadə edilməsi “Yaşıl enerji” konsepsiyasının əsas elementlərindəndir. Xüsusən nəzərə alsaq ki, işğaldan azad olunmuş ərazilərimizin potensialı böyükdür. Bu da həmin ərazilərdə istehsal olunan enerjinin həm də digər rayonlara nəql edilməsinə imkan yaradacaq”.

Qeyd edək ki, bu il iyunun 3-də Energetika Nazirliyi və bp şirkəti arasında Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb.


Müəllif: Yeganə Oqtayqızı