Bu gün dünyada insanları gözləyən ən başlıca problem ərzaq çatışmazlığı və böhranıdır. Qloballaşma şəraitində təbii məhsulların istehsalının aşağı düşməsi və tələb-təklif prinsipləri qiymətlərin də artmasına səbəb olur. Çünki bu günə qədər kənd təsərrüfatı ixracı ilə tanınan ölkələr artıq idxalçıya çevrilib. Bu da sözsüz kənd təsərrüfatı məhsullarına olan tələbatın çoxalmasına, taxıl və taxıl məhsullarının strateji əhəmiyyətinin daha da artmasına səbəb olub.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Onun fikrincə, dünyada ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ilə əksər ölkələrdə, o cümlədən Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiya təzyiqlərini yüksəldib:
“Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycanda da yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımları müşahidə olunur. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Buna səbəb qlobal istiləşmə və quraqlıq, tələb-təklif arasında balansın pozulmasıdır. Eyni zamanda daşınma-logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal bahalaşmanı şərtləndirən əsas faktorlar hesab edilir”.
Millət vəkili hesab edir ki, inflyasiyanın formalaşmasında ərzaq məhsullarının payı yüksəkdir:
“Ümumi inflyasiyanın təqribən 60%-i ərzaq inflyasiyasının payına düşür. Kənd təsərrüfatı və ərzaq idxalımız 2,1 mlrd. dollar olmaqla ümumi idxalın 18%-ni təşkil edir. 2021-ci ildə xarici amillərin təsiri altında inflyasiya artıb. Azərbaycanda da xarici mənşəli ərzaq məhsullarınnı qiymətində yüksəliş qeydə alınıb”.
Cavid Osmanova görə, 2019-2020-ci illərlə müqayisədə 2021-ci ildə dünya bazarlarında taxılın qiyməti 45%-dən çox artıb:
“2021-ci ilin yanvarından başlayaraq idxal buğdasının bir tonu üçün qiymət 253 dollardan dekabr ayında 340 dollara qədər yüksəlib. Bununla yanaşı məhsulların qiymətlərinin formalaşmasında şəffaflığın təmin edilməsi üçün səylər artırılacaq. Ölkədə qiymətlərin davamlı monitorinqi həyata keçiriləcək. Çünki əhalinin həyat səviyyəsi və ərzaqla etibarlı təminatı bazarların səmərəli fəaliyyətindən bilavasitə asılıdır. Buna görə də ərzaq bazarının səmərəli təşkili və tənzimlənməsi diqqət mərkəzindədir”.