4 Avqust 2022 19:12
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin ilk yarım ilində Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 25,4% artıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyul sayına əsasən, 2022-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ixracı 18,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,5 milyard ABŞ dolları təşkil edib.

2022-ci ilin yanvar-iyun ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 7,1% artaraq 328,1 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 5 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 26,1%, pambıq lifi ixracı isə 12,8%, pambıq iplik ixracı 5,2%, artıb.

2022-ci ilin iyun ayı üzrə ixrac 3,1 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 5,8% təşkil etməklə 269,6 milyon ABŞ dolları olub. 2022-ci ilin iyun ayı ərzində yeyinti məhsulları üzrə ixrac 6,6% artaraq 119,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 5,1% artaraq 149,9 milyon ABŞ dolları təşkil edib.

İqtisadçı Xalid Kərimli Teleqraf.com-a bildirib ki, hökumət 2010-cu illərdən sonra qeyri-neft sektorunu və ixracını inkişaf etdirməyi əsas hədəf götürüb:

İqtisadçı qeyd edib ki, hökumətin fəaliyyətinin uğurlu və ya uğursuz olmasını dair göstəricilər qeyri-neft sektoru üzrə ixracın yüksək olması ilə ölçülür: “2021-ci illə müqayisədə cari ildə qeyri-neft ixracı təqribən 25 faizdən çox artıb. Əgər ötən il qeyri-neft ixracı 1.2 milyard dollar idisə, 2022-ci ildə bu göstərici 1.5 milyard dollar olub. Doğrudur, ötən il qeyri-neft ixracında 2.6 milyard dollarlıq rekord rəqəmlər müəyyənləşmişdi. Ancaq görünən odur ki, bu il də təqribən 20-25 faizlik artımla yeni rekord göstəricilərə nail olunacaq.

Hazırda qeyri-neft ixracının adambaşına nisbətini nəzərə alsaq, Azərbaycan hələ də MDB məkanında, eləcə də dünyada yaxşı yerləri tutmur. Bu istiqamətdə Azərbaycanın öz imkanlarını genişləndirmək potensialı böyükdür. Hökumətin də hədəfləri doğru olaraq bu istiqamətdə götürülüb. Atılan addımlara baxmayaraq qeyri-neft sektorunun ixrac potensialı səmərəli artmayıb. Bu istiqamətdə dövlətin planı 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasında öz əksini tapıb”.

Analitikin müşahidələrinə əsasən, artıq Sumqayıt Texnologiyaları Parkında yaradılan bəzi müəssisələr qeyri-neft ixracında rol oynamağa başlayır: “Burada xüsusən karbamid gübrəsini qeyd etmək lazımdır ki, onun satışı Azərbaycanın qeyri-neft ixracında üçüncü yeri tutur. İlk üçlükdə pambıq mahlıcı, ənənəvi kənd təsərrüfatı məhsulu olan pomidor və karbamiddir. Son iki ildir ki, karbamid ixracı Azərbaycanın qeyri-neft ixracında əhəmiyyətli yer tutur”.

Xalid Kərimli qeyri-neft ixracının yönəldiyi ənənəvi bazarlara da diqqət çəkib: “Rusiya, Türkiyə, Gürcüstan və İsveçrə sözügedən sektor üzrə ixracda ilk yerlərdədir. Bilirik ki, Azərbaycan qızılı xammal formasında İsveçrəyə satır. Burada emal olunan qızıl ya yenidən alınır, ya da dünya bazarında satışa çıxarılır.

Türkiyəyə əsasən karbamid satılır ki, ilk 6 aya görə qeyri-neft ixracı üzrə ölkəmizdə ilk yerdədir. Daha sonra Rusiyaya ənənəvi bağçılıq məhsulları satılır. Ümumiyyətlə, yarım illik rəqəmlərə nəzər salanda pozitiv dinamikanı müşahidə edirik”.

Ekspert dünyada gedən qiymət artımının önəmindən də danışıb: “Ötən ilə nisbətən qızılın dəyəri aşağı düşdüyünə görə, ən çox ixrac olunan qeyri-neft məhsulları sırasında qızıl ilk üçlükdən sıxışdırılıb çıxarılıb. Müxtəlif dövrlərə qədər qızıl qeyri-neft ixracında ikinci, üçüncü yerlərə qədər mövqeyini qoruyurdu. Amma hazırda qızılın dünya bazar qiymətinin aşağı düşməsi, ixracda əlvan metalın yerini itirməsi ilə nəticələnib.

Əvvəllər qeyri-neft ixracında ilk beşlikdə pambıq, pomidor, qızıl, meşə fındığı kimi məhsullar yer alıb. Ancaq indi nəzər salanda karbamid, metanol, propilen, polimer məhsulları var, yəni artıq neft-kimya sənayesinə aid məhsullar ilk onluqda əhəmiyyətli rol oynayır ki, bu da sevindiricidir. Qeyri-neft ixracı Azərbaycanın orta və uzunmüddətli dövrdə inkişafının əsas drayveri olmalıdır. Bu, hökumətin də istəyidir”.


Müəllif: Yeganə Oqtayqızı