"Çin hökuməti 2023-cü il yanvarın 8-dən etibarən ölkəyə gələn şəxslər üçün COVID-19 ilə əlaqədar məcburi karantini ləğv edəcək. Bu qərardan sonra digər dövlətlərdə də quru sərhədlərin açılması məsələsi gündəmə gəlib. 2023-cü ildə dünyada yoluxma sayının azalması gözlənildiyindən bu qlobal ticarətə də təsirsiz ötüşməyəcək".
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, Azərbaycanda quru sərhədlərin açılması qonşu ölkələrdəki epidemioloji vəziyyətdən asılı olacaq: “Çünki qonşu ölkələrdə yoluxma sayı quru sərhədlərin açılmasına təsir edən əsas faktordur. Yoluxma sayında azalmalar müşahidə olunsa da, son günlər xüsusən qonşu Rusiyada koronavirusa yoluxanların sayında artımlar var. Bu kontekstdən quru sərhədlərin açılması ilə bağlı qərar birbaşa, xüsusən də quru sərhədi olduğumuz ölkələrdə yoluxma sayından asılıdır”.
Vüqar Bayramov hesab edir ki, quru sərhədlərin açıq olması iqtisadi baxımdan məqsədə uyğundur: “Çünki bu, turizmə təsir göstərən əsas faktorlardan biridir. Xüsusən nəzərə almaq lazımdır ki, Azərbaycana gələn turistlərin təxminən 70 faizi ölkəmizin quru sərhədi olan dövlətlərdən gəlir. Bu, eyni zamanda Azərbaycan vətəndaşları üçün daha asan qonşu ölkələrə səfər imkanları baxımdan da vacibdir. Bu baxımdan quru sərhədlərin açılması iqtisadi baxımından da əhəmiyyətlidir.
Amma iqtisadi məsələ olmaqla yanaşı təbii ki, qonşu ölkələrdə olan yoluxma sayı və epidemioloji vəziyyətin dəyişməsi bu məsələdə qərarın verilməsində əsas faktor olaraq qalmaqdadır. 2023-cü ildə regionda və qlobal olaraq epidemioloji vəziyyətin yumşalması Azərbaycanda da quru sərhədlərin açılmasını xeyli tezləşdirə bilər”.