Ərşad Hüseynov: “Prezident fərmanından sonrakı yenilikdə əsas məqam ictimai nəqliyyat vasitələrinə aiddir”
Məlum olduğu kimi, Prezident fərmanı ilə Daxili İşlər Nazirliyinin vəzifələri sırasına avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin “İcbari sığortalar haqqında” qanuna uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət etmək əlavə olunub. Nəqliyyat Nazirliyi haqqında əsasnaməyə edilən dəyişikliyə görə isə avtomobil və dəmiryolu nəqliyyatı vasitələri sərnişinlərinin fərdi qəza sığortası üzrə “İcbari sığortalar haqqında” qanuna uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət etmək bu nazirliyin funksiyaları sırasına daxil edilib.
Daha bir dəyişiklik Dövlət Mülki Aviasiya Administrasiyası haqqında əsasnamədə aparılıb. Bundan sonra hava nəqliyyatı vasitələri sərnişinlərinin fərdi qəza sığortası üzrə “İcbari sığortalar haqqında” qanuna uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət etmək Administrasiyanın vəzifələrindən biri olacaq.
Yeniliyi şərh edən “Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov deyir ki, əslində söhbət Daxili İşlər Nazirliyinə nə əlavə səlahiyyət verilməsindən, nə də alınmasından gedir. Çünki 2011-ci ildə qəbul olunan “İcbari sığortalar haqqında” Qanunda da bu məsələ təsbit olunub.
Qanunun təsdiqi barədə son fərmanda göstərilir ki, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinə nəzarəti Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi həyata keçiriliməlidir: “Hazırda isə həmin qanundakı bir bəndə, yəni icbari sığortanın başqa bir növü olan sərnişinlərin fərdi qəza sığortasına nəzarəti Nəqliyyat Nazirliyinin həyata keçirməsi tövsiyə olunub. İndiki dəyişiklik Daxili İşlər Nazirliyi, nə də Dövlət Yol Polisi ilə bağlı yox, Nəqliyyat Nazirliyi ilə bağlıdır.
Məlumdur ki, avtomobillərlə bağlı iki icbari sığorta növü var. Bunlardan biri mülki məsuliyyətin icbari sığortasıdır ki, ona Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi, sərnişinlərin fərdi qəza sığortasına isə Nəqliyyat Nazirliyinin avtomobil müfəttişliyi nəzarət edəcək. Hər ikisi icbari sığorta növüdür və kimin minik texnikası varsa, özünü məsuliyyətli icbari sığorta etdirməlidir.
Digər növə gəldikdə, ora yalnız rayonlararası, şəhərlərarası sərnişin daşınma ilə məşğul olan dəmiryolu, aviasiya, avtobuslar, mikroavtobuslar aiddir və buna Nəqliyyat Nazirliyi nəzarət edir. Bu o deməkdir ki, sərnişin sığortalı olmalı və hər hansı qəza zamanı sığorta şirkəti sığorta ödənişi etməlidir".
Ekspert deyir ki, əsasnaməyə edilən dəyişikliyi mövcud qaydaların real icrasına yönələn addım kimi dəyərləndirmək olar: “Kimin avtobusu, mikroavtobusu varsa, sığorta olunmalıdır, əks təqdirdə həmin avtomobil sahiblərini cərimə gözləyir. Həmin avtomobillər Dövlət Yol Polisindən texniki baxışdan keçirilə bilməz və harada saxlanılarsa, orada cərimələyəcəklər”.
Ərşad Hüseynov yenilikdən sığorta şirkətlərinin faydalanacağını deyir: “Bununla sığorta şirkətlərinin gəlirləri arta bilər. Düzdür, bu, böyük məbləğ olmayacaq. Amma müəyyən faydası dəyəcək. Yenilikdə əsas məqam ictimai nəqliyyat vasitələrinə aiddir. Onlarda sığortalanma sadədir və məbləğ elə də çox deyil. Bir sərnişin yeri üçün illik 6 manat civarındadır”.
Sığorta üzrə ekspert Rəşad Əliyev də deyir ki, əslində, qaydalar bir neçə il bundan əvvəl Maliyyə Nazirliyinin təsdiqlədiyi “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası” ilə tənzimlənir. Yenilik isə 2011-ci ildə qəbul olunmuş qanunun işlək olmasına yönəlib: “Görünür, bu, ictimai nəqliyyatda sərnişinlərin daşınması məsuliyyətinin gündəmə gətirilməsi üçün atılan addımdır. Qaydalara əsasən, mülki məsuliyyətin icbari sığortası zamanı sığorta tarifinin məbləği avtomobilin növündən və sürücünün sığorta tarixçəsindən asılıdır. Avtobus və mikroavtobuslar üçün sığorta tarifi hesablananda əmsallar onların sərnişin yerlərinin sayından asılıdır. 9-16 sərnişin yerinə görə əmsal 3-ə, 16-dan artıq yerə görə əmsal 4-ə bərabərdir. Qaydalara görə, avtonəqliyyat vasitəsinin sahibi hüquqi şəxs olarsa, sığorta tarifləri 20 faiz artıq hesablanır”.
Mülki məsuliyyətin icbari sığortası tarifinə gəlincə, ekspert bunun müvafiq qaydalara uyğun hesablandığını deyir: “Əgər atonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ilk dəfə sığorta olunursa, sığorta tarifi avtomobilin növündən asılı olaraq hesablanır. Bura avtomobil mühərrikinin həcmi aiddir.
Bundan sonrakı illərdə sığorta müqavilələri bağlananda isə avtomobilin gücü ilə yanaşı, onun bundan əvvəlki il qəza törədib-törətmədiyi nəzərə alınır. Sığorta hadisəsi baş verəndən sonra yeni sığorta müqaviləsi bağlananda da həmin hadisənin baş verdiyi nəzərə alınır ki, bu da tətbiq olunan tarifə təsir edir".
Naibə Qurbanova