5 İyun 2023 17:54
2 636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda yeni formada valyuta mübadilə məntəqələri formalaşdırılacaq.

Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov bildirib ki, valyuta mübadilə məntəqələrinin fəaliyyəti müstəsna fəaliyyət kimi nəzərdə tutulur: “İnstitusional valyuta mübadilə məntəqələri biznesi kimi bu iş planlaşdırılır. Yəni kiçik yox, institusional valyuta mübadilə şöbələrinin yaradılması nəzərdə tutulur".

Qeyd edək ki, ölkədə “exchange”lərin fəaliyyəti 2016-cı ildən dayandırılıb. “Valyuta tənzimi haqqında” Qanuna edilən dəyişikliklərə görə, 2018-ci ildən Azərbaycanda valyuta mübadilə məntəqələrinin fəaliyyətinin lisenziyalaşdırılmasına başlanılıb.

İqtisadçı Pərviz Heydərov Teleqraf.com-a bildirib ki, qərar maliyyə sektorunda xidmət sferasının genişləndirilməsi məqsədi daşıyır.

İqtisadçı deyir ki, valyuta mübadilə məntəqələri xidmət sahəsinin tərkib hissəsidir: “Bankların bağlanması bu fəaliyyət növünün yenidən fəaliyyətə başlaması üçün əsas deyil. 2016-cı ildə yaranmış valyuta qıtlığı və “qara bazar”ın formalaşmasının qarşısını almaq məqsədilə “exchange”lərin fəaliyyəti dayandırıldı. Heç şübhəsiz 2015-ci ildə ardıcıl baş verən devalvasiya da bu xidmət sferasının dayanmasında məcburi xarakter daşıdı. Bu, bir məhdudlaşdırma tədbiri idi, nəticə özünü pis-yaxşı göstərdi.

Uzun müddətdir ölkədə maliyyə sabitliyi hökm sürür. İllərdir ki, manatla dolların kursu eyni səviyyədə qalır. Ona görə də hesab edirəm ki, valyutadəyişmə məntəqələrinin yeni formada təşkili gecikmiş bir qərardır. Çox istərdim ki, Mərkəzi Bank sədrinin verdiyi anons qısa müddətdə öz həllini tapsın”.

İqtisadçı hesab edir ki, xidmət sferasının effektiv fəaliyyət göstərməsi üçün bir neçə əsas amil var:

“Ölkədə banklar arasında fəaliyyət rəqabətli xarakter daşımalıdır. Valyuta tənzimi indiki kimi inzibati deyil, üzən məzənnə rejiminin mövcudluğu arzuolunandır. Amma hələlik bu, real deyil. Əgər manatın kursu üzən məzənnə rejimi əsasında formalaşarsa, valyutadəyişmə məntəqələrinin yeni formatda təşkili ölkə iqtisadiyyatı üçün daha səmərəli olar. Hazırda valyuta bazarları inzibati qaydalarla tənzimlənir. Valyutadəyişmə məntəqələrinin yeni formatda təşkili xidmət növü kimi əhəmiyyət kəsb edir”.

Yeni formada valyuta mübadilə məntəqələrinin təşkili “qara bazar”a yenidən təkan verə bilərmi?

Pərviz Heydərovun qənaətincə, “qara bazar” üçün real şərait yoxdur: “Bu bazarın aktivləşməsinə heç bir əsas yoxdur. Çünki ölkədə maliyyə sabitliyi var, inzibati yolla valyuta tənzimi siyasəti həyata keçirilir. Elə bir ajiotaj yoxdur ki, ölkədə “qara bazar”a şərait yaratsın.

Xidmət sahəsinin yeni formada təşkili gələcəkdə “qara bazar”ın formalaşmasının qarşısını almaq üçün əhəmiyyətli ola bilər. Bunun daha çox müsbət cəhəti ola bilər, nəinki mənfi.

Hələlik yeni xidmət sektorunun hansı formada təşkil olunacağı aydın deyil. Çox güman ki, bu məntəqələr birbaşa Mərkəzi Bankın nəzarəti altında fəaliyyət göstərər. Bu məntəqənin kommersiya banklarına bağlı olaraq fəaliyyət göstərəcəyini düşünmürəm. Əks halda yeni formatda təşkilin əhəmiyyəti olmaz”.


Müəllif: Yeganə Oqtayqızı