Beş il əvvəl, 31 yanvar 2020-ci ildə Birləşmiş Krallıq Avropa İttifaqını tərk etdi. Həmin gün Böyük Britaniya 47 il boyunca malik olduğu siyasi əlaqələri kəsdi, lakin ticarətin davamlılığını təmin etmək üçün daha 11 ay ərzində Aİ-nin vahid bazarında və gömrük ittifaqında qaldı. Bəs Britaniyanın Aİ-dən rəsmi çıxışı ölkəyə necə təsir etdi?
Teleqraf.com xəbər verir ki, “BBC Verify” bu barədə araşdırma yayımlayıb.
Araşdırmada “Brexit”in ölkəyə 5 əsas təsirləri sıralanıb:
Ticarət
İqtisadçılar və analitiklər Birləşmiş Krallığın 1 yanvar 2021-ci ildə Aİ-nin vahid bazarını və gömrük ittifaqını tərk etməsinin ticarətə mənfi təsir etdiyini bildirirlər.
Aİ ilə sərbəst ticarət sazişi imzalansa da, bəzi araşdırmalara görə, Britaniyanın mal ixracı 30% azalıb.
Böyük Britaniyanın Büdcə Məsuliyyəti İdarəsinin (BMİ) hesablamalarına əsasən, “Brexit” uzunmüddətli perspektivdə ticarəti 15%, iqtisadiyyatı isə 4% azaldacaq ki, bu da təxminən 100 milyard funt sterlinq itkiyə bərabərdir.
Miqrasiya
2016-cı il referendumunda miqrasiya əsas mövzulardan biri idi və Aİ daxilində sərbəst hərəkət hüququna əsaslanırdı.
Referendumdan sonra, xüsusilə 2020-ci ildən sonra Aİ-dən miqrasiya kəskin azalıb, lakin dünyanın digər bölgələrindən miqrasiya artıb.
Yanvar 2021-dən qüvvəyə minən yeni miqrasiya sisteminə əsasən, Aİ və qeyri-Aİ vətəndaşları Birləşmiş Krallıqda işləmək üçün viza almalıdırlar (İrlandiya vətəndaşları istisna olmaqla).
Böyük Britaniya universitetləri maliyyə vəziyyətlərinin pisləşməsi fonunda daha çox beynəlxalq tələbə cəlb etməyə başlayıblar. Boris Conson hökumətinin məzunlara Böyük Britaniyada qalmaq və işləmək hüququnu bərpa etməsi isə bu prosesi sürətləndirdi. B.Consondan sonra hakimiyyətə gələn mühafizəkarlar iş və tələbə vizası ilə Böyük Britaniyaya üz tutanların hüququnu məhdudlaşdırdı.
Səyahət
“Brexit” ilə ölkədə sərbəst hərəkət hüququ ləğv edildi, bu da turistlərə və işgüzar məqsədlərlə səyahət edənlərə təsir göstərdi. Britaniya pasportu sahibləri artıq Aİ sərhədlərində xüsusi keçid zolaqlarından istifadə edə bilmirlər.
Böyük Britaniya vətəndaşları viza almadan 180 gün ərzində 90 günə qədər Aİ ölkələrinə səfər edə bilərlər, lakin pasportlarının geri dönüş tarixində ən azı üç ay etibarlı olması tələb olunur.
2025-ci ildə Aİ qeyri-Aİ vətəndaşları üçün avtomatlaşdırılmış giriş-çıxış sistemi (EES) və altı ay sonra səyahət icazəsi sistemi tətbiq edəcək. Böyük Britaniya vətəndaşları 30 Avropa ölkəsinə səfər üçün 7 avro (təxminən 5.90 funt sterlinq) ödəyərək ETIAS icazəsi almalıdırlar.
Böyük Britaniya da bu ilin aprelin 2-dən Aİ vətəndaşları üçün Elektron Səyahət İcazəsi tətbiq edəcək. Bu icazənin qiyməti 16 funt sterlinq olacaq və İrlandiya vətəndaşlarına şamil edilməyəcək.
Qanunlar
Brexit referendum kampaniyasının əsas vədlərindən biri Böyük Britaniyanın qanunlarını müstəqil şəkildə qəbul etməsi idi. 2020-ci ildən etibarən pozuntuların qarşısını almaq üçün minlərlə Aİ qanunu Böyük Britaniya qanunvericiliyinə daxil edildi və "saxlanılmış Aİ qanunu" adlandırıldı.
Son hökumət məlumatına görə, hazırda 6,901 belə qanun mövcuddur və onlar iş saatları, bərabər maaş, qida etiketlənməsi və ekoloji standartları əhatə edir.
"Brexit" Böyük Britaniyaya bəzi vergi qanunlarında daha çox sərbəstlik qazandırıb. Məsələn, Aİ direktivinə əsasən, üzv dövlətlər təhsilə ƏDV tətbiq edə bilməz, lakin Böyük Britaniya Aİ-dən çıxaraq özəl məktəb haqlarına ƏDV tətbiq etməyi mümkün edib.
Maliyyə
2016-cı il referendumunda Böyük Britaniyanın Aİ-yə ödədiyi vəsait mübahisəli mövzu idi. 2019-20-ci maliyyə ilində bu məbləğ həftədə təxminən 352 milyon funt sterlinq, illik isə 18.3 milyard funt serlinq təşkil edib.
Keçid dövründə ödənişlər davam etsə də, 31 dekabr 2020-dən sonra Böyük Britaniya Aİ büdcəsinə töhfə vermir. Lakin əvvəllər bu vəsaitin bir hissəsi Aİ-nin Kənd Təsərrüfatı Siyasəti və struktur fondları vasitəsilə ölkəyə geri qaytarılırdı. 2019-20-ci ildə bu məbləğ 5 milyard funt sterlinq idi.
Keçid dövründən sonra Böyük Britaniya hökuməti bu ödənişləri birbaşa vergi gəlirləri ilə əvəzləyib. Aİ-yə töhfənin ləğvi ölkəyə illik təxminən 9 milyard funt sterlinq maliyyə üstünlüyü qazandırıb, lakin bu rəqəm dəqiq deyil.
Böyük Britaniya hələ də “Brexit” müqaviləsi çərçivəsində Aİ-yə ödənişlər edir. 2021-2023-cü illərdə bu məbləğ 14.9 milyard funt sterlinq olub. Britaniya höküməti 2024-cü ildən başlayaraq qarşıdakı illərdə daha 6.4 milyard funt sterlinq ödəməli olacaq.