15:29
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası Azərbaycan üzrə yeni ölkə strategiyasını təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu strategiya növbəti beş il ərzində bankın investisiya və siyasət təşəbbüslərinə yön verəcək.

AYİB-in Azərbaycan üçün iki əsas prioriteti var - daha güclü, rəqabətqabiliyyətli özəl sektorun mövcudluğu, təkmilləşdirilmiş idarəetmənin hesabına iqtisadiyyatı şaxələndirmək, yaşıl iqtisadiyyata keçidi sürətləndirmək və regional əlaqələri inkişaf etdirmək.

Birinci prioritet çərçivəsində AYİB Azərbaycanın karbohidrogen ixracatından asılılığını aradan qaldırmaq üçün özəl sektorun rəqabətqabiliyyətliliyini və inklüzivliyini artırmağa çalışacaq. Bank kənd təsərrüfatı, istehsal və xidmətlər, informasiya, kommunikasiya texnologiyaları, infrastruktur kimi qeyri-neft sahələrində kiçik, eləcə də orta ölçülü müəssisələrə investisiya dəstəyi göstərəcək.

Bank həmçinin qadın və gənclər tərəfindən idarə olunan müəssisələri gücləndirməyə, yenilikçiliyi dəstəkləməyə, daha böyük rəqabətqabiliyyətlilik ilə ixrac potensialını artırmağa diqqət yetirəcək. Eyni zamanda dövlət müəssisələrinin idarəçiliyini gücləndirmək, dövlət müəssisələrində islahatları inkişaf etdirmək və ümumi biznes mühitini yaxşılaşdırmaq üçün hökumət qurumları ilə əməkdaşlıq etməyə davam edəcək.

İkinci prioritet Azərbaycanın böyük bərpa olunan enerji potensialını reallaşdırılmasına kömək etməkdir. Bank günəş və külək enerjisi layihələrinin inkişafını dəstəkləməyə, enerji səmərəliliyini artırmağa və iqlim dəyişikliyinə qarşı davamlılığı gücləndirməyə davam edəcək. Azərbaycanın enerji şəbəkəsinin gücləndirilməsi və bərpa olunan enerjinin ixracını təmin etmək bu səylərin mərkəzində olacaq.

AYİB Azərbaycanın Avropa və Asiya arasında yerləşən coğrafi mövqeyindən faydalanmasına kömək edəcək. Bank davamlı nəqliyyat şəbəkələrinə, bələdiyyə infrastrukturuna və rəqəmsal əlaqəlilik sahələrinə investisiya qoyacaq, xüsusilə Orta Dəhlizlə bağlı layihələrə diqqət yetirəcək.

AYİB-in Azərbaycan ofisinin rəhbəri Nataly Mouravidze bildirib ki, yeni strategiyanın Şura tərəfindən təsdiqlənməsindən məmnundur.

"Növbəti beş ildə Azərbaycanın bərpa olunan enerji potensialından istifadə edərək və regional əlaqələrini gücləndirərək, özəl sektorun inkişafı ilə hərtərəfli, davamlı iqtisadiyyat qurmağa çalışacağıq. Bu yolla ölkə və onun əhalisi üçün uzunmüddətli imkanlar açmaq olar. Artıq üzərində qurulacaq güclü bir təməlimiz var".

Qeyd edək ki, AYİB Azərbaycanın ən böyük institusional investorudur. Bank indiyə qədər Azərbaycanda bərpa olunan enerjidən, əlaqəlilikdən və davamlı infrastrukturdan ibarət olan 195 layihəyə 4 milyard avrodan çox investisiya qoyub.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər