"Tələbat yüksək olduğu üçün Bakıda qazlaşma regionlardan çoxdur"
ARDNŞ-in vitse-prezidenti Rəhman Qurbanov Azərbaycanın ən ucqar kəndlərinə təbii qaz çatdırılması istiqamətində fəaliyyətin davam etdirildiyini bildirib. Vitse-prezidentin sözlərinə görə, görülən işlərə baxmayaraq, ölkənin təqribən 10 faizi hələ də qazlaşdırılmayıb.
Regionların sosial-iqtisadi inkişafı istiqamətində ölkənin 88-90%-i mavi yanacaqla təmin olunsa da, bəzi bölgələrin qazlaşdırılmasında problemlər var.
Regionlara 12 milyon, Bakıya 14 milyon kub metr
Rəhman Qurbanovun sözlərinə görə, hazırda regionlara 12 milyon kub metr, Bakı şəhərinə isə 14 milyon kub metr təbii qaz verilir. Vitse-prezident regionların qazlaşdırılmasında əsas problemi kəndlərin ucqar ərazilərdə yerləşməsi və həmin kəndlərdə yaşayış evlərinin azlığı ilə əlaqələndirib: "Elə kənd var ki, dağın başındadır, cəmi 3-5 evdən ibarətdir. Belə yerlərə vəsait xərcləməyin əhəmiyyəti yoxdur. Amma əhalisi çox olan kəndlərdə qazlaşdırılma işləri aparılır. Hazırda Yardımlının, Lerikin ucqar kəndlərinə qaz çəkilir".
Neft şirkətinin vitse-prezidenti onu da bildirib ki, Naxçıvanda qaz anbarı yaradılması istiqamətində də işə başlanılıb: "Naxçıvanda qaz anbarı yaradacağıq. Orada 4-5 quyu qazılması nəzərdə tutulub. 3 milyon kub metr həcmində qaz anbarının tikilməsi muxtar respublika üçün çox böyük əhəmiyyət kəsb edər".
Bakıda sənaye müəssisələri, əhali çox olduğu üçün...
"Azəriqaz" Səhmdar Cəmiyyətinin sabiq idarə rəisi Nüsrət Qasımovun sözlərinə görə, Bakıda sənaye müəssisələri fəaliyyət göstərdiyinə görə, həmçinin regionlara nisbətdə əhali sayı çox olduğu üçün paytaxtda qaza tələbat böyükdür: "Bakıda qaz sərfiyyatı rayondakılardan qat-qat böyükdür. Digər tərəfdən, Azərbaycanın 9 milyon yarım əhalisinin faktiki 4 milyon yarımı Bakıda yaşayır.
Başqa bir səbəb odur ki, Bakıda yeganə yanacaq növü təbii qazdır, amma regionlarda odundan, mal-qara gərməsindən də istifadə edilir".
Tərkibinə görə ən təmiz təbii qaz Azərbaycandadır
Nüsrət İbrahimovun sözlərinə görə, yanacaq növlərindən ən sərfəlisi təbii qazdır. Bu şərtlə ki, ondan istifadə zamanı qaydalara düzgün əməl olunsun: "Təbii qazdan düzgün istifadə olunarsa, yanacaq növlərindən ən səmərəlisidir. Çünki qazın həm nəqli asandır, həm də təbii qazdan istifadə gigiyenik baxımdan əlverişlidir. Elektrik enerjisi baha başa gəlir. Digər enerji mənbəyi kimi günəş batareyasıdır, amma onu hasil etmək də asan deyil. Azərbaycanda mal peyinindən bioloji qaz hasil edilir, onun da tətbiqi cüzidir.
Tərkibinə görə ən təmiz təbii qaz Azərbaycandadır. Qaradağda qaz emalı zavodunda kükürd, parafin və digər zərərli maddələrdən təmizlənib, istehlakçılara çatdırılır".
Təbii qazla bağlı maarifləndirmə işləri genişlənməlidir
Ekspert bildirdi ki, təbii qazdan düzgün istifadə olunması üçün geniş maarifləndirmə işlərinə ehtiyac var: "Qazdan təhlükəsiz istifadə qaydaları kobud surətdə pozulduqda qəzalar, ölüm halları baş verir. Tüstü bacaları, qaz sobaları standartlara uyğun quraşdırılarsa, mətbəx və vanna otaqları tikinti normalarına uyğun olsa, təbii qazdan istifadənin heç bir təhlükəsi yoxdur. Bu normalara əməl etmədikdə yanma prosesi pozulur, dəm qazıyla zəhərlənən insanlar 7-30 dəqiqə ərzində həyatını itirir.
Mənzillərin tüstü bacaları vaxtilə Yanğından Könüllü Mühafizə cəmiyyətlərinin zabitləri tərəfindən yoxlanılırdı. "Qazdan təhlükəsiz istifadə qaydaları"na görə, tüstü bacaları düzaxımlı su qızdırıcılarında üç aydan bir, digər qızdırıcılarda isə ildə bir dəfə, qış mövsümü qabağı yoxlanmalı və qaz idarəsinə akt verilməlidir.
Belə bir qurumun fəaliyyət göstərməməsi üzündən hər il onlarla insanın həyatına son qoyulur. "Azəriqaz"ın və ya bələdiyyələrin, eləcə də Mənzil Kommunal Təsərrüfat Birliyinin nəzdində, yaxud müstəqil olaraq belə qurum yaradıla bilər.
Bu yaxınlarda dəm qazından 24 yaşlı gənc qadın dünyasını dəyişdi. Əhalinin səhlənkarlığı da burada rol oynayır. Cinayətlər cəzasız qalır. Keçən il 3 gün əvvəl evlənmiş bəy-gəlin qazdan zəhərlənib öldü. Buna görə kimsə cəzalanmadı. Cəza mütləq olmalıdır ki, cəmiyyət bundan dərs alsın".
Qaz anbarının yaradılması Naxçıvan üçün çox əhəmiyyətlidir
Naxçıvan Muxtar Respublikasında ehtiyat qaz anbarının yaradılmasını təqdir edən Nüsrət Qasımov dedi ki, belə bir bazanın yaradılması çox əhəmiyyətlidir: "Yay aylarında qaz sərfiyyatı 3-4 dəfə aşağı düşür. Təbii qazı havaya buraxmamaq üçün yeraltı hazırlanan qaz anbarına yüksək təzyiqlə toplayıb qışda istifadə edirlər. Belə bir təcrübə vaxtilə Qaradağda yaradılan qaz anbarında da istifadə olunub. Qış aylarında qaz sərfiyyatı artdıqda, yaxud kəmərlərin birində qəza baş verdikdə ehtiyat anbardan istifadə olunurdu. Naxçıvanda hazırda qaz təminatı İran vasitəsilə aparılır. Azərbaycan bu ölkəyə xam qaz nəql edir, oradan qaz emal edilib Naxçıvana ötürülür".
Sevil Hilalqızı