İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Yevlax rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır. Bu məqsədlə rayonunun Kövər kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib.
Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Yevlax rayonu üzrə sahibkarlıq subyektlərindən müvafiq istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Təkliflərə ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması, cins heyvandarlıq kompleksinin yaradılması, istixana və bağçılıq təsərrüfatlarının yaradılması, pendir istehsalı və meyvə qurutma müəssisələrinin yaradılması daxildir.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən kiçik həcmli investisiya layihələrinin dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Naibə QURBANOVA