"Azərişıq" ASC-nin nizamnamə kapitalı 623,5 milyon manat həcmində müəyyən edilib.
Nazirlər Kabinetinin "Azərişıq" ASC-nin nizamnaməsinin və strukturunun təsdiq edlməsi barədə qərarına əsasən, nizamnamə kapitalı hər birinin nominal dəyəri 2 manat olan 311,77 milyon səhmdən ibarətdir. Teleqraf.com-un məlumatına görə, qərarın mətni Nazirlər Kabinetinin saytında dərc edilib.
ASC-nin İdarə Heyətinin tərkibi dörd nəfərdən - ASC-nin Azərbaycan Prezidenti tərəfindən təyin edilən sədri, sədrin birinci müavini və iki müavinindən ibarətdir.
Nizamnaməyə əsasən, ASC-nin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqd) bağlanılmasına razılıq verilməsi üçün "Azərişıq" Nazirlər Kabinetinə müraciət etməlidir.
"Azərişıq" ASC-nin strukturuna qurumun aparatı, eləcə də elektrik enerjisinin təchizatı və satışı üzrə 7 regional idarə (Bakı, Şimal, Şimal-Qərb, Qərb, Aran, Mərkəzi Aran və Cənub) daxildir.